Təklif dəstəkləndi: "Gərək bütün pay torpağı sahiblərinə yardım edilsin”

“Həqiqətən, hökumətin gücü çatacaqsa, 1,7 milyon insanın hər birinə yardım edilə bilər”



Millət vəkili Əli Məsimli parlamentin dünən keçirilən iclasında mühüm bir məsələyə diqqət çəkib. O bildirib ki, kəndlərdə adına kiçik pay torpağı olan insanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir. Deputatın sözlərinə görə, yerli icra strukturları kəndlərdə məhəllə-məhəllə hansı ailələrin yardıma ehtiyacı olduğu barədə siyahılar hazırlayıb: 

“Bu məlumatlar da sosial yardımlar üçün istifadə edilməlidir. Ümumiyyətlə, sosial yardım sistemi təkmilləşdirilməlidir”. 
  Deputat Aydın Mirzəzadə də pay torpaqlarından istifadə edə bilməyən kəndlilərə 190 manatlıq yardım verilməsini təklif edib. Parlamentarinin qənaətincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələri bu istiqamətdə məsələni araşdıraraq müvafiq addımlar atmalıdır ki, həmin insanlar da dövlətin yardımından faydalansınlar.

 Təklifi şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd edib ki, məsələyə differensial yanaşma olmalıdır:

"Respublikada təxminən 1,7 milyon insan pay torpağı sahibidir. Ancaq kimlərin həmin torpaqdan qazanc əldə etdiyi, kimlərin gəlir götürmədiyi məlum deyil. Çünki dövlət başçısının özünün də dediyi kimi, statistika düzgün aparılmır. Konkret statistika olsaydı, ancaq ehtiyacı olanlara, yəni pay torpağından gəlir götürməyənlərə 190 manatın verilməsi daha məqsədəuyğun olardı. Statistika məlum olmadığına görə, gərək bütün pay torpağı sahiblərinə yardım edilsin. Bu isə dövlət üçün asan olmaya bilər. Əgər, həqiqətən, hökumətin gücü çatacaqsa, 1,7 milyon insanın hər birinə yardım edilə bilər. Amma nəzərə almaq lazımdır ki, bu, konkret istiqamətə dövlət büdcəsindən təxminən xeyli əlavə vəsaitin ayrılması deməkdir. Bu səbəbdən də düşünmürəm ki, bütün pay torpağı sahiblərinə yardım uzun müddət üçün effektli olsun. Ən yaxşı halda birdəfəlik ödənişlər edilə bilər".