Vüqar Bayramov: “İndi əsas  hədəf vətəndaşların sosial təminatının gücləndirilməsidir"


“Prezidentin tapşırıqları ilə pandemiyanın vətəndaşlara təsirinin minimuma endirilməsi ilə bağlı tədbirlər davam etdirilir”

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Deputat bəyan edib ki, hazırlanmış sosial paket məşğul olmayan vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir: 

“Ölkə rəhbərinin tapşırıqlarına əsasən, məhz işləməyən vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı bir neçə proqramın icrası və bəzi proqramların genişləndirilməsi həyata keçirilir. Həm birdəfəlik ödənişlər həyata keçirilir, həm də mövcud proqramların genişləndirilməsi və daha çox vətəndaşlara şamil olunması üçün dövlət büdcəsindən vəsait ayrılır. Pandemiya dövründə Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, Azərbaycanda reallaşan siyasətin əsas hədəfi vətəndaşların sosial təminatının gücləndirilməsidir. Bu istiqamətdə artıq DOST Mərkəzi vasitəsi ilə ödənişli iş yerlərinin yaradılması üçün 30 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu da 50 min vətəndaşımızın ödənişli sosial iş yerlərindən faydalanmasına imkan verəcək. Bununla da ödənişli sosial işlərdən faydalanacaq vətəndaşların sayı 90 minə çatacaq. Eyni zamanda birdəfəlik sosial yardımların verilməsinin əhatəsi də genişlənməkdədir”. 

Parlamentari xatırladıb ki, aprelin 14-də keçirilən müşavirədə ölkə Prezidenti pandemiyanın təsir etdiyi bütün vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi ilə bağlı göstərişlər verdi: 

“Bu da nəticə etibarı ilə daha çox vətəndaşımızın sosial paketdən faydalanmasına imkan verəcək. Nəzərə alaq ki, sosial paket məşğul əhalinin sosial təminatının yüksəldilməsinə xidmət etməkdədir. Bu istiqamətdə fərdi sahibkarlar tərəfindən müraciətlər daxil olur. Ödənişlərin yaxın zamanda başlanması nəzərdə tutulur. 
Digər istiqamətlərdə, məsələn, özünüməşğulluq və ünvanlı sosial yardım proqramlarının genişləndirilməsi də həyata keçirilir. Bu proqramlar çərçivəsində daha çox vətəndaşımızın sosial təminatının gücləndirilməsi reallaşır. Ümumən, pandemiya dövründə həyata keçirilən sosial siyasət bir daha təsdiq edir ki, dövlətin hər bir vətəndaşa xüsusi diqqəti var. Bu isə pandemiya dövründə bir daha həmrəyliyin gücləndirilməsi anlamına gəlir”.