İlahiyyatçı alim: "Prezidentin dediyi kimi vəzifəli şəxslər də vətəndaşın yanında olmalıdır"

“Dövlətimiz, xüsusən cənab Prezident tərəfindən əhalinin sosial təminatı yönündə atılan addımları çox müsbət dəyərləndirirəm”. 

Bunu “Sherg.az”a açıqlamasında AMEA-nın elmi işçisi, ilahiyyatçı Əkrəm Həsənov deyib.

Alim vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə, dövlət başçsına öz təşəkkürünü bildirib: 

“Ölkə rəhbəri özünün də bildirdiyi kimi hər bir vətəndaşın yanındadır. Pandemiya ilə mübarizədə əhalinin rifahının yaxşılaşdırılması üçün ciddi tədbirlər görülür. Daimi iş yerləri olan, ancaq işə getməyən vətəndaşlar karantin dövründə məvaciblərini əksiksiz alırlar. Əlbəttə, dövlət üzərinə düşənin hamısını artıqlaması ilə edir. Amma hər şeyi hökumətdən, Prezidentdən gözləmək də doğru deyil. Sahibkarlar və iş adamları da ölkə rəhbərindən nümunə götürərək işçilərinin sosial vəziyyətlərini daim nəzarətdə saxlamalı, imkanlı şəxslər özündən aşağı təbəqəyə əl tutmalıdır. İndiki halda dövlət başçısı məhz bu səbəbdən sahibkarlara xeyli dərəcədə dəstək göstərilməsinə qərar verdi. İş adamları onlara yaradılan şəraitə uyğun şəkildə Prezidentin göstərdiyi diqqət və qayğını qiymətləndirməlidir. Ölkəmizdə xeyli məcburi köçkün var. Onlar da ölkə rəhbərinin diqqət və qayğısı ilə əhatə olunub”. 

Ə.Həsənov bildirib ki, əgər bir olsaq və Prezidentimizin ətrafında sıx birləşsək, ona dəstək olsaq, bütün problemlərin öhdəsindən asanlıqla gələrik: 

“Xarici havadarlar hesabına sosial şəbəkələrdə dövlətin əleyhinə mənfi fikirlər səsləndirən küçə adamları, insanları narazı salmağa çalışan xainlər öz dərslərini alacaqlar. Anlayacaqlar ki, xalq ölkə rəhbərini ona görə dəstəkləyir ki, Prezidentimiz hər zaman hər bir vətəndaşın yanındadır, xalqın himayəçisi və dostudur. Gələcəkdə daha gözəl günlər bizi gözləyir. Tezliklə ümumdünya problemi olan bu virusla vidalaşacağımıza inanıram. Həkimlərə də xüsusi təşəkkür edirik ki, onlar bu xəstəliklə mübarizə aparıb ölkə rəhbərinin etimadını doğruldurlar. Dövlət başçısının təyin etdiyi vəzifəli şəxslərdən də rica edirəm ki, onlara göstərilən etimadı doğrultsunlar. Prezidentin göstərdiyi, dediyi kimi vətəndaşın yanında olsunlar, onların problemlərinin həlli üçün çalışsınlar. Bizim Prezident kimi ölkə rəhbəri heç yerdə yoxdur. Biz cənab dövlət başçısının etimadını tam məsuliyyətlə doğrultmalıyıq”.