"Nəsibə xanımı həyatda nümunəvi insan, təkrarsız sənətkar idi" - İlham Namiq Kamal 


Bir neçə gün öncə unudulmaz sənətkarımız Nəsibə Zeynalovanın doğum günü idi. Korifeyin əziz xatirəsi sevənləri tərəfindən yad edildi. 

Biz də sevimli Xalq artistini yad etmək məqsədilə aktrisa ilə dəfələrlə səhnədə tərəf müqabili olmuş tanınmış aktyor, xalq artisti İlham Namiq Kamalla əlaqə saxladıq. 

Aktyor "Şərq"ə Nəsibə Zeynalova ilə bağlı xatirələrindən danışdı:

- Nəsibə xanım Azərbaycanın təkrarsız sənətkarlarından biridir. Bəlkə də xanım sənətkarlar içərisində birincisi idi. Mənə xoşbəxtlik nəsib olmuşdu. İstər əvvəllər, istərsə də Azərbaycan televiziyasında "Mavi işıqlar"da, yumoristik novellalarda, "Komediya aləminə səyahət"də "Səhər görüşlərində"  tərəf müqabil olmuşduq. Sonra Ulu öndərimiz Heydər Əliyevin təklifi ilə  qərar alındı ki, qüdrətli sənətkarın oynadığı  Cənnət obrazının "Qayınana" tamaşası film kimi çəkilib, insanlara, cəmiyyətə yadigar kimi təqdim edilsin. Təklifdən sonra gözəl rejissorumuz Əjdər İbrahimov və yoldaşı Marqarita Mariyeva  Məcid Şamxalovun eyni adlı əsəri "Qayınana"nın əsasında kinossenari yazdılar. Filmi də  böyük rejissorumuz Hüseyn Seyidzadə çəkdi. Hansı ki,  "O olmasın, bu olsun" ,"Dəli Kür", " Yenilməz batalyon" kimi filmlərin rejissor olmuşdu.   "Qayınana" filmi də Hüseyn müəllimin sonuncu sənət əsəri  oldu.  O da bilavasitə Nəsibə xanımın qüdrətli aktrisalıq məharətinin nəticəsidir. Tamaşadakı  aktyorlar o dövrdəki yaş həddinə görə gənclər olmalı idi.  Qismət oldu Nəsibə xanımla  bu filmdə yadigar obraz kimi İlqarı canlandırdım. Onu da qeyd edim ki, Nəsibə xanımgil böyük şəcərədir. Atası Cahangir Zeynalov Azərbaycan teatrının inkişafında  böyük rol oynayıb. Onun qızı Nəsibə xanım Azərbaycan incəsənətində layiqli yerini alıb. Hazırda Nəsibə xanımın oğlu Cahangir Novruzov Adana şəhərində universitetdə professordur. Teatrı var, inkişaf etdirib. Ara-sıra Azərbaycanda seriallara, filmlərə də çəkilir.

-Bəs Nəsibə xanım, yaddaşınızda necə qalıb?

- Nəsibə xanım haqqında çox teatrşünaslar danışıblar. Amma mən onun insani cəhətlərini demək istərdim ki, nə qədər mehriban, nə qədər həyalı, tərbiyəli, abırlı insan idi. İndi iki - üç rol oynayan aktyorlar, aktrisalar özlərini elə həyasızca göstərirlər ki, adam xəcalət çəkir. Nəsibə xanım həyatda rol oynayan insan deyildi. O səhnədə, filmdə rol aparırdı. Həyatda isə ana, xala, bibi, bacı, nənə idi. Cahangirlə uşaqlıq dostu olmuşuq, bu günə qədər də dostluğumuz davam edir. Nəsibə xanımın münasibətləri  insani idi.  O evin xanımı, anası, cəmiyyətin əvəzolunmaz  sənətkarı idi. Nəsibə xanım tamaşalarda iştirak edirdi. Nə qədər yüksək səviyyəli sevinc bəxş edirdi. Hazırda  bayramlarda, xoş günlərdə Nəsibə xanımın çəkildiyi tamaşalar, filmlər nümayiş olunur. Xalq da xoş hisslərlə bu xanıma tamaşa edir. Həyatda nümunəvi insan, təkrarsız sənətkar idi .Əlbəttə özümü xoşbəxt sayıram ki, Nəsibə xanımla filmə çəkilmişəm.

-Biz Nəsibə xanımı, həmişə gülərüz, mehriban insan kimi tanıyıb, sevmişik. Bəs elə olubmu ki, kadr arxasında əsəbləşsin?

- Peşəkar insan heç zaman heç kimin xətrinə dəymir. Əksinə başqalarına kömək edir. O mənada Nəsibə xanım peşəkar idi.  Öz işini çox gözəl bilirdi. Oynadığı obrazın daxili aləmini  yaxşı  təcəssüm edirdi. Əlbəttə, ətrafındakı insanlara ürəyində sözü olanda məsləhət də verirdi. Böyük sənətkar idi.