Şagird Prezidentə söz verdi: “Vətənimizə layiqli övladlar olacağıq”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 
Ağcabədi rayonundan şagird Zərifə Cəfərzadə ölkə başçısında məktubunda qeyd edir:

“Möhtərəm cənab Prezident, mən Sizə Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta məktəbin şagirdləri adından yazıram. Bu gün bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası biz şagirdlərin də normal yaşayışına öz təsirini göstərir. Hazırda dünyanın ən inkişaf etmiş dövlətləri bu virusun pəncəsində çabalayırlar. Amma çox sevindirici haldır ki, Vətənimiz Azərbaycan bu pandemiyadan ən az zərər görən dövlətlər sırasındadır.
Cənab Prezident, bu, məhz Sizin gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir. Siz öz işinizlə bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz hazırda dərslərimizi onlayn şəkildə davam etdiririk.
Cənab Prezident, biz şagirdlər qürur hissi ilə deyirik, nə yaxşı ki, Azərbaycan vətəndaşıyıq, nə xoş ki, Sizin kimi Prezidentimiz var. Ağcabədi rayonunun şagirdləri olaraq Vətənimizə layiqli övladlar olacağımıza söz veririk”.