“AŞ PA-da çox fəal iş aparmaq lazımdır” - Deputat 

“Avropa Şurasında Azərbaycana qarşı informasiya müharibəsi aparan qüvvələr böyük imkanlara malikdir”

Ona görə də Azərbaycanın maraqları müdafiə edilməlidir”


Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov olacaq. Deputatlar Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə də nümayəndə heyətinə daxil edilib.

Qeyd olunub ki, beynəlxalq parlament qurumlarında, təşkilatlarda fəaliyyət göstərəcək Azərbaycanın nümayəndə heyətlərinin formalaşması prosesləri gedir. Heyətlərin siyahısı yaxın günlərdə açıqlanacaq. AŞPA-nın Daimi Komitəsinin pandemiyadan sonra 30 aprel tarixinə təyin edilən ilk onlayn iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi isə artıq məlumdur. Göründüyü kimi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində kifayət qədər yeni və gənc simalar var. 

Dəyişikliklə bağlı “Sherg.az”a danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Milli Məclisin yenilənməsindən sonra beynəlxalq qurumlarda təmsil olunan nümayəndə heyətinin tərkibində də dəyişiklik zəruri idi.
Deputat bildirib ki, yaş və gender bərabərliyi nöqteyi-nəzərindən deputatların beynəlxalq qurumlarda fəaliyyətini təmin etmək vacibdir: 

“Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti həm yaş məsələsini nəzərə alıb, həm də gender bərabərliyini hər zaman qoruyub. AŞPA məhz gənc kadrlar və gender bərabərliyini nəzərə almadıqları üçün bir çox ölkənin nümayəndə heyətini təsdiq etməyib. Ölkəmiz nümayəndə heyətinin tərkibini bu cür müəyyən etməklə digər ölkələrə də bir növ nümunə göstərir. Ümidvaram ki, yeni tərkib Azərbaycanın maraqlarını qorumaq uğrunda ciddi fəaliyyət göstərəcək. Nəzərə alaq ki, Avropa Şurasında Azərbaycana qarşı informasiya müharibəsi aparan qüvvələr böyük imkanlara malikdir. Ona görə də Azərbaycanın maraqlarını müdafiə etmək istiqamətində AŞPA-da çox fəal iş aparmaq lazımdır”.