Diqqətli olun ! - “ÜST- nin məlumatında həqiqət var, risk qalır"


“Vəziyyət yenidən pisləşsə, karantin qaydaları əvvəlki kimi sərtləşdiriləcək”

“İnsanların bir müddət sosial izolyasiya qaydalarına əməl etməsini məsləhət bilirəm"



Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa təkrar yoluxma ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

 ÜST-ün məlumatında bildirilir ki, hazırda koronavirusa yoluxan və sağalan, bədənində antitellər olan şəxslərin yenidən təkrar yoluxmayacağına dair heç bir sübut yoxdur.
Qurumun yaydığı informasiya onu deməyə əsas verir ki, ölkəmizdə bu gündən etibarən karantin rejimi yumşaldılsa da, bu, ehtiyatı əldən verməklə nəticələnməməlidir.

 Məsələ ilə bağlı "Sherg.az"a fikirlərini bildirən həkim- psixoterapevt Əli Nağıyev düşünür ki, verilən qərar ən optimal seçimdir: 

"Hökumətimiz ilk günlərdə olduğu kimi, yenə də məsələyə harmonik və həssas yanaşır. Bu, hər şeydən əvvəl iqtisadi məsələlərlə bağlıdır. Əgər karantin rejimi uzun müddət davam etsə, həm vətəndaşlar, həm də dövlət üçün çətinlik yarana bilər. Eyni zamanda sağalanların sayının yoluxanların sayını üstələməsi karantin rejiminin yumşaldılmasına əsas verir. Bununla belə, ÜST- ün məlumatında həqiqət var. Risk yenə də qalır".

 Ə.Nağıyev vətəndaşlara müraciət edərək onları diqqətli olmağa çağırıb:

"Nazirləri Kabineti yanında Operativ Qərargah onu da bildirib ki, əgər vəziyyət yenidən pisləşsə, karantin qaydaları əvvəlki kimi sərtləşdiriləcək. Ona görə də insanlar gərək məsuliyətli olsunlar. Hətta mən iş yerləri açılsa da adamların bir müddət sosial izolyasiya qaydalarına əməl etməsini məsləhət bilirəm".

 Həkim- psixoterapevt vurğulayıb ki, Operativ Qərargahın qərarına obyektiv yanaşmaq lazımdır: "Deməli, belə olmalıdır. Bunun cəmiyyətdəki qorxunu azaltmaqla heç bir əlaqəsi yoxdur. Qorxu onsuz da tədricən azalır və insanlar mövcud durumu daha soyuqqanlı qarşılayırlar".