12 yaşlı şagirddən RƏHBƏRƏ: “Siz uşaqları çox sevirsiniz. Mən də Sizi çox sevirəm”


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 
Şamaxı rayonundan Aytən Ədilova Prezidentə yazır:
"Hörmətli cənab Prezident, Sizə yazılan minnətdarlıq məktublarını efirdə dinlədikdə mən də ürəyimdən gələn səmimi hislərimi bildirmək istədim. Mənim 12 yaşım var. Şamaxıda yerləşən M.Hadi adına 9 saylı məktəbin VI sinfində oxuyuram.
Əvvəla dünyada, eləcə də Azərbaycanda yayılmış koronavirus infeksiyasına qarşı ölkəmizdə görülən işlərə görə Sizə “Çox sağ olun!” demək istəyirəm. Sizin sayənizdə respublikamızda bu virusun qarşısı vaxtında alındı. Siz biz uşaqları qorumaq üçün dərsləri dayandırdınız. Lakin evdə qalsaq da, təhsildən, dərslərimizdən geri qalmırıq.
Mən bilirəm ki, Siz uşaqları çox sevirsiniz. Mən də Sizi çox sevirəm. Bu sevgimi beş yaşından iştirak etdiyim bütün tədbirlərdə ümummilli liderimiz Heydər Əliyevə və Sizə həsr olunmuş şeirləri böyük həvəslə söyləməklə bildirirəm.
Deyirlər, uşaqların Allahdan istəkləri mütləq yerinə yetir. Mənim arzum Sizi, Azərbaycanı xoşbəxt görməkdir. Bizi qoruduğunuza görə Sizə təşəkkür edirəm. Nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizinlə fəxr edirik”.