Əməkdar müəllimdən ölkə başçısına: “Ulu Öndərimizin sevdiyi xalqa ləyaqətlə xidmət edirsiniz”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 
Ağsunun Bico kəndindən olan əməkdar müəllim  Yaşar Qarayev dövlət rəhbərinə yazdığı məktubda qeyd edir: 

“Hörmətli cənab Prezident, bütün xalqımız kimi, Ağsu rayonunun Bico kəndinin sakinləri də Sizin xalqımızın uğurlu sabahına, xoşbəxt gələcəyinə hesablanmış daxili və xarici siyasətinizi ürəkdən bəyənir, Sizə minnətdarlıqlarını bildirirlər.

Bu gün Ulu Öndərimizin ruhu ona görə şaddır ki, Siz onun mənsub olduğu, sevdiyi xalqa ləyaqətlə xidmət edirsiniz. Buna görə xalqımız Sizi mərd atanın mərd oğlu kimi tanıyır.

Əziz Prezidentimiz, gördüyünüz işlər o qədər əzəmətli və böyükdür ki, onlar dünyanın hər yerindən görünür. Son illər kəndimizdə də çox böyük işlər görülüb. Məktəb və xəstəxana binaları istifadəyə verilib, evlərimizə qaz və su xətləri çəkilib, kəndarası yollar asfaltlanıb.

Bu qayğılı günlərdə də aztəminatlı, həssas təbəqəyə hər cür qayğı göstərilir. Bütün işlərinizə görə kənd sakinləri adından Sizə “Çox sağ olun!” deyir, hörmət və ehtiramımızı bildiririk”.