Prezidentə təşəkkür: “Ölkəmizi böyük bir təhlükədən xilas etdiniz”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir. 
Bakı şəhəri, Xəzər rayon sakini Mehman Mehtiyev və Adil Xaliqov ölkə başçısına məktublarında yazırlar: 

“Hörmətli cənab Prezident, koronavirusla mübarizə dövründə xalqımızın Sizə bəslənən ümidlərini bir daha doğrultdunuz, bizi böyük bir bəladan xilas etməkdəsiniz. Sizi dəstəkləyir, bu şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayırıq.
Sizin tərəfinizdən görülən qabaqlayıcı tədbirlər pandemiya bəlasına qarşı çox səmərəli oldu. Bu virus heç kimin gözləmədiyi anda ortaya çıxdı. Lakin hər kəsin gözlədiyi kimi, Siz bu çətinliyə də etibarlı sipər oldunuz, xalqımızı qorudunuz, ölkəmizi böyük bir təhlükədən xilas etdiniz.
Allah Sizə hər zaman kömək olsun”.