Qadınlar maaşını müzakirə edə bilmir

Kökü lap dərində, uşaqlıqdadır

İş görüşməsinə gedən insanların həyəcan və stress keçirməsi təsadüfi deyil


Araşdırmalara görə, hər beş qadından dördü kobud və ya nankor görünməkdən qorxduğu üçün maaşını müzakirə edə bilmir.
Avstraliyanın hüquq firmalarından olan "Slater and Gordon"un min qadın işçisi arasında həyata keçirdiyi araşdırmanın nəticəsinə görə, qadınların 82 faizi hansısa işə başlayan zaman daha yüksək maaş istəkləri ilə bağlı heç vaxt danışmadıqlarını bildirib. Onların yarısı maaş mövzusunda iş yoldaşları ilə söhbət etdiyini deyib. 27 faizi isə daha aşağı rütbəli kişi iş yoldaşlarının onlardan daha çox maaş aldıqlarını qeyd edib.

Qadınlar maaş istəməklə bağlı yaşadıqları problemi "əmək haqqının artdığı təqdirdə analıq məzuniyyəti və başqa haqlarının əllərindən alınmasından qorxmaları" ilə əlaqələndiriblər.



 Psixoloq Vəfa Rəşidova "Sherg.az"a  bu məsələnin bizim cəmiyyət üçün kifayət qədər aktual olduğunu deyib. Onun sözlərinə görə, bu
problem bizdə tək qadınları yox, kişiləri də əhatə edir:

"Say etibarı ilə qadınlar çoxluq təşkil etsələr də, iş görüşmələri zamanı həyəcanlanan,  şərtlərini çatdırmaqda çətinlik çəkən kişilər də var. Bu isə insanlara  uğur qazanmaqda, irəli getməkdə əngəl törədən əsas faktordur.
İşdəki həyəcanın mümkün uğurların qarşısını alması barəsində çoxlu araşdırmalar da aparılıb.
 Əksər hallarda müəssisə rəhbərləri özünə güvənən və fikirlərini sərbəst ifadə etmək bacarığına sahib insanlarla çalışmağa üstünlük verir. Haqsız da sayılmazlar. Rəhbər şəxslə adi bir ünsiyyət zamanı həyəcanlanan, istəklərini dilə gətirməkdə acizlik göstərən qadın və ya kişi sabahsı gün həmin müəssisə üçün nə dərəcədə faydalı iş görə bilər ki? Belə insanlar bir çox hallarda onlara həvalə olunan işin də öhdəsindən gələ bilmirlər. Bəzən pasiyentlərim arasında iş üçün  müraciət etdikləri müəssisə rəhbərliyindən şikayət edən, onları işə götürməmək üçün dolaşıq suallar verməkdə ittiham edənlərə rast gəlirəm. Halbuki, iş axtaranın lazımsız bildiyi sualları işəgötürənlər onların psixoloji immunitetlərini və məlumat bazalarını yoxlamaq üçün verirlər. Bu da təbii bir haldır və narazılıq üçün əsas vermir".

Vəfa xanım hesab edir ki, iş görüşməsinə gedən insanların həyəcan və stress keçirməsi də təsadüfi deyil:

"Bunun kökü lap dərinə, uşaqlıq travmalarına söykənir. Valideynlərin böyük əksəriyyəti öz övladlarına fikirlərini azad ifadə etməyə imkan vermir. " Olmaz",  "filankəs nə deyər",  "özündən böyüyə cavab qaytarma" , "sənə nə deyilir, onu elə" kimi ifadələrlə uşaqları çərçivəyə salır, onların özlərini bir şəxsiyyət kimi dərk etmələrini əngəlləyirlər. Bu sözlər də onları böyüyənə qədər təqib edir və  nəticədə  özünəinamsız bir nəsil yetişir. Düşünürəm ki cəmiyyətimiz bu stereotipləri qırmalı və uşağa da fərd kimi yanaşmağı öyrənməlidir. Ailəsi tərəfindən  "sən uşaqsan" deyə susdurulan heç bir qadın, kişi iş görüşmələrində dik durub, qarşısındakı şəxsin gözünün içinə baxaraq danışıq apara bilmir.  Ancaq özgüvənli böyüyən gənc daha yüksək maaş istəklərini və şərtlərini diktə edərək əməyinin qarşılığını tələb edə bilər. Çünki o özünə əmindir və potensialına güvənir.  Hər nə qədər işinin peşəkarı olsalar belə, çəkingən insanlar da müəssisə rəhbərinin təklif etdiyi maaşa və şərtlərə "min bərəkət"deyib qəbul edir".

Psixoloqun sözlərinə görə, iş üçün müraciət edən qadın rəhbərliklə ünsiyyətdə olan zaman özünü düzgün təqdim etməyi bacarmalıdır:

"Məhz insanlarda özünüifadə bacarığını inkişaf etdirmək, üzə çıxarmaq üçün biz seminarlar təşkil edir,  bu sahədə maarifləndirmə işləri aparırıq. Bəzən valideynlər övladlarını iş tapa bilməməkdə, bacarıqsızlıqda günahlandırır. Halbuki, vaxtında evə qonaq gələndə uşağa bir küncdə dayanmağa,  süfrə arxasına yaxın gəlməməkdə tənbeh edəndə belə olacağını bilməli idilər. Amma yenə də gec deyil.  Gənclərimiz uşaqlıq travmalarını unudub üzərlərində çalışmaq, kurslara, seminarlara qatılmaqla özlərini yenidən kəşf edə, potensiallarını üzə çıxara bilərlər". 

Psixoloq bir çox qadının aşağı rütbəli kişi iş yoldaşlarının onlardan daha çox maaş aldıqlarından gileylənməsini də doğru hesab etmir:

"Deməli, o kişi daha bacarıqlıdır. Qadın öz potensialını ortaya qoymağa utandığı halda həmin kişilər özlərini sübut edib və rəhbərliyin rəğbətini qazanıb.  21 əsrdə belə pul, maaş haqqında söhbət etməyi ayıb sayan insanlar var. Bu cür fikirlər doğru bildiyimiz yanlışdan başqa bir şey deyil.   Alacağı maaş haqqında rəhbərliklə danışmağa çəkinən,  əməkhaqqısının artırılmasını tələb edə bilməyən insan hər kəsin gözündə özünün qorxaq təəssüratını yaradır və haqqının tapdanması üçün iş yoldaşlarının və müdirinin əlinə  əsas  verir".