“27 apreldə Rusiya Azərbaycanı işğal etdi” – FAKT !

Dilqəm Əhməd: “Təbii ki, işğala hüquqi qiymət vermək mövcud Azərbaycan Parlamentinin borcudur” 


“27 aprel məsələsində birbaşa deyilməli olan və qeyd-şərtsiz unutdurulmaması gərəkən bir məsələ var. 27 apreldə Rusiya Azərbaycanı işğal etdi”. 
Bunu “Sherg.az”a açıqlamasında Cümhuriyyət üzrə tədqiqatçı, araşdırmaçı-jurnalist Dilqəm Əhməd deyib. 
Tədqiqatçı vurğulayıb ki, bu məsələdə bəzən işğala dolayı dəstək göstərən qüvvələr də gündəmə gətirilir: 




“Bunun yanındakı digər faktorlar da önəmlidir, əlbəttə. Bu işğala ölkə içində və xaricində dəstək verənlər, prosesi sürətləndirənlər olub. Amma işğal edənin kim olduğu ən birinci deyilməlidir. Təbii ki, karantin dönəmində bu tarixin unudulmaması üçün ən önəmli vasitə televiziya və sosial şəbəkələr idi. Sosial şəbəkələrdə dünən tarixçilərimiz - Firdovsiyyə Əhmədova, Solmaz Tohidi, Aydın Balayev, Nəsiman Yaqublu, Ədalət Tahirzadə çox gözəl bilgilər paylaşdılar. Gənclərimiz də gözəl təbliğat apardılar. Amma televiziyalarla bağlı bunu demək mümkün deyil. Mən şəxsən hər hansı veriliş görmədim. Təbii ki, işğala hüquqi qiymət vermək mövcud Azərbaycan Parlamentinin borcudur. Deputat Fazil Mustafa məsələ qaldırmışdı, ümid edirəm ki, deputatlar ortaya milli mövqe qoya biləcəklər. Əks halda necə ki, biz bu gün 100 il öncə parlamentdə kimin hansı addımı atdığını bilirik, gələcəkdə də hansı deputatın hansı mövqe sərgilədiyini insanlar biləcəklər. Bunu unutmasınlar”.