Biz niyə qazandıq? - Çünki dövlət administrativ resurslarından vaxtında və düzgün istifadə etdi


 Aprelin 9-dan işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərə ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) birdəfəlik ödəmə verilməsinə başlanıb. Proses gündəlik davam edir. Ödəniş edilərkən işsiz şəxslərin telefon nömrələrinə bu barədə SMS göndərilir. 

Artıq 400 mindən çox işsiz şəxs üçün birdəfəlik vəsait bank filiallarına və poçt şöbələrinə köçürülüb. Resurs Analitik İnformasiya Mərkəzinin ofis rəhbəri Rəvan Bağırov Sherg.az-a deyib ki, pandemiya Çindən dünyaya yayılmağa başladığı andan dövlət başçısının çevik və önləyici tədbirləri sayəsində epidemiyanın ölkəmizdə yayılma riski minimuma endirildi: " Həyata keçirilən qabaqlayıcı və düşünülmüş addımların müsbət nəticələri də göz önündədir.
 Pandemiya dövründə  dövlət tərəfindən bütün zərərlər nəzərə alınaraq kiçik və orta sahibkarlara, aztəminatlı və imtiyazlı ailələrə, həmçinin müvəqqəti işsiz qalanlara son illərdə icra olunan sosial-iqtisadi islahatların davamı olaraq dövlət büdcəsindən 2 mərhələyə bölünərək ümumilikdə 5 milyard manat vəsait ayrıldı. Həmin vəsait indi də ölkənin dəyərli sərvəti olan vətəndaşlara ödənilməkdədir. Bununla yanaşı virus-epidemiyasının qarşısının alınmasında öncədən ölkəyə gətirilən müasir təcili tibbi avadanlıq və texnikaların, koronavirus xəstələrinin müalicəsi üçün yeni dünya standartlarına cavab verən müasir xəstəxanaların tikilməsi ilə bağlı qəbul edilmiş vacib qərarlar dövlətin administrativ resurslarından vaxtında və düzgün istifadəsinin nəticəsidir.
Dünyanı ağuşuna alan virus epidemiyasından öz vətəndaşlarını qorumaq üçün Azərbaycan dövləti bu istiqamətdə tədbirlər proqramının həyata keçirilməsi üçün qonşu dövlətlərdən fərqlənərək, müxtəlif sərəncamlarla ümumilikdə 6 milyard 34 milyon 800 min manat dövlət büdcəsindən vəsait ayırıb  ki, bu da 2018-ci ildən cənab Prezident tərəfindən qəbul edilmiş və icrası davam edən sosial siyasətin davamı kimi qiymətləndirilir".