"Sənədsiz evlər problemi zamanla öz həllini tapacaq, amma..." - Hüquqşünas vəziyyəti dəyərləndirir 

"Yol-nəqliyyat şəbəkələrinin kənarında yerləşən ev və obyektlərlə bağlı fərqli qərarın olacağı gözlənilir"

 Milli Məclisin plenar iclasında çıxış edən Ombudsman Səbinə Əliyeva Bakıdakı sənədsiz evlər, o cümlədən yeni tikilən binalarda kommunal xidmətlərdə bağlı problemlərə toxunub.

Ombudsman konkret vurğulayıb ki, hər hansı tikilinin qanunsuz olması yalnız məhkəmə qərarı ilə müəyyənləşə bilər: “Vətəndaşa məxsus hər hansı tikilinin, o cümlədən torpağın qanunsuz alınması, sökülməsi yolverilməzdir”.

Xatırladaq ki, bəzi hallarda icra hakimiyyətlərinin və digər dövlət qurumlarının vətəndaşlara məxsus sənədsiz yaşayış mənzillərini, o cümlədən iaşə obyektlərini məhkəmə qərarı olmadan dərhal sökdürməsi əmlak sahiblərinin etirazına səbəb olurdu. Ekspertlərin fikrincə, Ombudsmanın məsələyə yanaşması və son dövrlər dövlət başçısı tərəfindən sənədsiz evlərlə bağlı verilmiş müvafiq Sərəncam bu cür problemlərin aradan qalxmasına gətirib çıxaracaq. 

Məsələni “Sherg.az”a dəyərləndirən “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, Ombudsmanın problemə yanaşması tamamilə hüquqidir.



Hüquqşünasın sözlərinə görə, mövcud qanunlara görə, hər hansı sənədsiz tikilinin sökülməsi və o cümlədən torpağın alınması yolverilməzdir: 

“Əlbəttə, məhkəmə qərarı olmadan bunu icra etmək olmaz. Əgər yaşayış mənzilinin, yaxud hansısa obyektin qanunsuz olaraq tikildiyi təsdiqlənərsə, onun sökülməsi yalnız məhkəmənin müvafiq qərarı ilə mümkündür. Hüquqi baxımdan bunun başqa yolu yoxdur. Ombudsmanın yanaşması da hüquqidir və tamamilə doğrudur. Sənədsiz evlərlə və əmlakın rəsmiləşdirilməsi ilə bağlı cənab Prezidentin fərmanı var. Komissiya işləyir və yaxın zamanda bununla bağlı qərar olacaq. Sənədsiz evlər problemi zamanla öz həllini tapacaq. Amma burada bəzi məqamlar var. Məsələn, yol-nəqliyyat şəbəkələrinin kənarında yerləşən ev və obyektlərlə bağlı fərqli qərarın olacağı gözlənilir. Qanun kommunikasiya xəttləri üzərində və ya yaxınlığında tikililərə icazə vermir. Bu, həm insanların özlərinin, həm də mülklərinin təhlükəsizliyi ilə bağlı problem yaradır”. 

Ə.Nuriyev vurğulayıb ki, sənədsiz evlər Azərbaycanda yüzminlərlədir: 

“Onların vaxtında rəsmiləşdirilməsi daşınmaz əmlak bazarının dövriyyəsini artıracaq. Dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına səbəb olacaq. Həm də insanlar öz mülkiyyətləri üzərində sərbəst sərəncam vermək imkanı qazanacaqlar. Onlar bu halda banklardan müxtəlif istiqamətdə kreditlər götürə və biznes fəaliyyətinə başlaya bilərlər. Ən əsası isə sənədsiz evlərin rəsmiləşdirilməsi ictimaiyyətdəki ciddi gərginliyi aradan qaldıracaq. Çünki belə durumda yaşayan insanlar havadan asılı vəziyyətdə qalırlar”.