KORONAVİRUSDAN SONRA: Biz seyirçi qalsaq, yas mafiyası dərhal hərəkətə keçəcək

"Toy və yas mərasimləri böyük sosial bəla idi"

  Millət vəkili Fazil Mustafa koronavirusun ən böyük mənəvi xeyrinin Azərbaycan xalqına dəydiyini deyib. Depuatın sözlərinə görə, ay yarımdır insanlar sakitcə, təmtəraqsız yas məclisi qurmadan, xeyli vəsait sərf etmədən ölüsünü dəfn edib, gəlib evində gələcək qayğıları ilə məşğul olurlar. Mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalır:

“Müasir texnologiyanın köməyi ilə, yaxud da sosial şəbəkədə “Allahdan rəhmət!” diləməklə israfçılığın da qarşısı alınıb. İndi hünər odur ki, epidemiya təhlükəsindən sonra da elə bu cür davam edilsin”. Xeyir-şər məclislərinin sadə təşkil olunması əvvəllər də gündəmə gəlib, hətta müəyyən inzibati metodlarla müdaxilələrlə də olunub. Əfsuslar olsun ki, nəticə hasil olmayıb. İndi çox güman ki, koronavirus pandemiyasına görə, əhali məcburiyyət qarşısında belə davranır. Yəni virusdan sonra təmtəraqlı yas mərasimləri yenə gündəmdə olacaq. Bəs bu vəziyyətin birdəfəlik düzəltmək mümkündürmü? 

Deputatın gündəmə gətirdiyi məsələni “Sherg.az”a dəyərləndirən sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib ki, Fazil bəyin dediyində həqiqət var.



Professorun sözlərinə görə, Azərbaycanda toy və yas mərasimləri böyük sosial bəla idi: 

“Həm də utandırıcı idi. Çünki başqa millətin nümyəndələri görəndə ki, biz belə yas və toy mərasimləri təşkil edirik, təəccüblənirdilər. Bu, bizim üçün müsbət göstərici deyildi. Konkret yas məclislərinə gəldikdə isə, İslam dinində birbaşa göstərilir ki, hər rəhmətə gedənin qarşısında borcumuz cənazə namazını qılmaq, müsəlman qaydalarına görə meyidi yumaq, kəfənləmək və dəfn etməkdir. Yerdə qalan məsələlərin hamısını özümüz uydurmuşuq. Bəzən gənc adam həyatını itirərkən yaxınları, doğmaları çox sıxılır. Təbii ki, belə adamlara yaxınlaşmaq, baş sağlığı və təskinlik vermək, fikirlərini dağıtmaq insani davranışlardır. Həm də toy elə bir mərasimdir ki, buna aylarla qabaq hazırlaşmaq və imkana uyğun məclis qurmaq mümkündür. Amma yas mərasimi başqadır. Hamı qocalıb yatağında dünyasını dəyişmir. Ölüm qəfil baş verir, kimisə maşın vurur, kiminsə ürəyi dayanır və s. İnanın, elə evlərə yas düşür ki, bəzən ev sahibinin cibində çörək almağa pulu olmur. Ölən qalır bir tərəfdə, haray-həşirə düşürlər ki, neyləyək, bu yası yola vermək üçün haradan pul tapaq? Ən yaxşı halda kimdənsə borc almaq məcburiyyətində qalırlar. Ancaq indi elə şəraitdir ki, borc almaq imkanı hamıda yoxdur. Bankdan kredit ala bilməyəni tutub zorla Lombarda aparırlar ki, qızılı zadı varsa, girov qoyub pul götürsün. Yəni yasın xərcləri çox çətinliklə başa gəlir. Əlavə olaraq meyidin yuyulması və dəfninə də pul sərf olunur. Ondan sonra mərasim zalları mafiyasının əlinə düşürsən”. 

Ə.Qəşəmoğlu bir neçə il əvvəl atası və anası rəhmətə gedərkən onların mərasimlərində arzuolunmaz halların şahidi olduğunu söyləyib: 

“Əvvəla mərasim zalları restoran kimi fəaliyyət göstərir və orada şadlıq evlərindən daha eybəcər hadisələr baş verir. Məsələn, yas mərasimlərində adətən saat 2-yə qədər qadınlar, 2-dən sonra kişilər iştirak edir. Amma mərasim zalının sahibi gələn adamların sayına görə pul tələb edir. Təsəvvür edin, stolun üstünə kimin xoşlamadığı və istifadə etmədiyi 25-30 noğul düzülür. Hamısı da şirə çəkmiş, köhnəlmiş olur. Vazalarda meyvələr də qoyulur. Qadınlar olan vaxt nə noğullar yeyilir, nə də meyvələr. Saat 2-dən sonra mərasim zalına kişilər gəlir və həmin əcaib noğullar və meyvələr yenə ortada qalır. Zal sahibi isə bu ərzaqlar üçün həm səhər gələn qadınların, həm də axşam gələn kişilərin sayı qədər pul çıxır. Yəni bir qidanı eyni gündə iki adama satırlar. Onsuz da günün sonuna kimi heç kim həmin qidalara toxunmur. Səhər onu başqa məclisdə süfrəyə yenidən düzürlər. Eyni şirniyyat bir ay dövr edir. Bir kiloqramlıq şirniyyatdan 60 dəfə pul çıxarırlar. VİP çadır söhbətini atıblar ortaya. Bunların hamısı eybəcərlik və insanları çox çətinə salır”. 

Alim bəyan edib ki, o, dövlət qurumları ilə bu barədə söhbət edib: 

“Onlar deyirlər ki, hansısa qadağa və inzibati müdaxilə haqqında danışdıqda, təşkil olunmuş formada minlərlə məktublar alırlar. Məktub göndərənlər onlara müdaxilə edilməməsini, yaxınlarını istədikləri kimi dəfn edib, məclis təşkil etməklərinə imkan verilməsini tələb edirlər. Guya kimlərsə, təmtəraqlı dəfn və yas mərasimlərinə üstünlük verirlər. Bəs, bu halda biz nə etməliyik? Çalışmalıyıq ki, koronavirus vaxtında başladılan bu iş mümkün qədər rəsmiləşdirilsin. Hər şey koronavirusdan sonra özümüzü necə aparmağımızdan asılıdır. Ona görə də durmadan bu sahədə maarifləndirmə işi aparmalıyıq ki, nəticələr yaxşı olsun. Əks halda dövlət strukturlarına minlərlə məktub göndərənlər öz əvvəlki rejimlərini bərpa edəcəklər. Çünki yas mərasimlərinin təşkil olunmasında böyük gəlir mənbəyi var. Koronavirusdan sonra biz müşahidəçi mövqeyində dayanacağıq, amma həmin yas mafiyası dərhal hərəkətə keçəcək”.