"Ayın 19-dan bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti bərpa ediləcək" - Soydaşımız "Şərq"ə danışdı

"Kofeni gərək alıb çöldə içək, içəridə oturmağa icazə vermirlər"


"Kafe və restoranlar açılıb. Artıq evdən kənarda da kofe içə bilirik. Amm gərək alıb çöldə içək. İçəridə oturmağa icazə vermirlər".
 
Bu sözləri 20 ildir İtaliyanın Belluno şəhərində yaşayan soydaşımız Vüqar İbrahimli koronavirus pandemiyası ilə əlaqədar oradakı vəziyyət haqqında danışarkən deyib.

 O, həmçinin qeyd edib ki, artıq yoluxanların və ölənlərin sayı azalır: "Əvvəllər bir günə ölənlərin sayı 1000- ə çatırdı. Dünən isə bu rəqəm üç dəfə az oldu. Yəni artıq tezliklə əvvəlki həyata qayıda biləcəyimizə ümid edə bilərik. Qohum-əqrəbagilə gedib- gəlmək mümkündür. Ayın 3- dən bir çox iş yerləri açılacaq. Ayın 19-dan isə bərbərxanalar, gözəllik salonlarının fəaliyyəti bərpa ediləcək. İyunun 1-dən həyat koronavirusdan əvvəlki axarı ilə davam etməlidir. Yəni karantindən çıxma mərhələli şəkildə həyata keçirilir. Amma sentyabrın 15- nə kimi vətəndaşlığı olmayanlara Avropaya gediş- gəliş qadağandır".

  V. İbrahimlinin sözlərinə görə, vəziyyətin yaxşılaşması insanların xarakteri ilə bağlıdır:

"Milanda, digər şəhərlərdə ölənlərin sayı hələ də azalmayıb. Nəticədə oralarda karantin qaydalarında hələ də yumşalma tətbiq edilməyib, kafe və restoranlar açılmayıb.  Amma şükür ki, bizdə belə deyil. Çünki bizim regionun insanları hökumətin sözünə qulaq asır, gigiyena qaydalarına əməl edirlər.  Onu da deyim ki, bizim regionun rəhbəri Luka Zaya bəzi məqamlarda hökumətlə razılaşmır. Məsələn hökumət polislərin maskasız, əlcəksiz şəxsləri cərimələməsini tələb edir. Amma Luka Zaya düşünür ki, belə adamlara sadəcə xəbərdarlıq edilməlidir.  Yerli qəzetlər yazılar ki, qocalar evindəki hər dörd nəfərdən biri koronavirusa yoluxub".