"Diqqətli olmaq, karantindən mərhələli şəkildə çıxmaq lazımdır" - Həkim tövsiyyələrini verdi

"Deyirdilər ki, insan təbiətin şah əsəridir. Biz bunun həqiqətən belə olduğunu gördük"

Aprelin 27-dən etibarən karantin qaydalarının yumşaldılması çərçivəsində paytaxtda yerləşən bir sıra ictimai iaşə obyektlərinin, o cümlədən kafe və restoranların fəaliyyəti bərpa olunub.

Ancaq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kafe və restoranlanda müştərilərin davranışını tənzimləyən müəyyən qaydalar hazırlayıb. Bu qaydalara əsasən insanlar ictimai iaşə obyektlərində sosial məsafəni qorumalı, gigiyena qaydalarına əməl etməlidirlər. 

 AQTA-nın qaydaları ilə bağlı "Sherg.az"a danışan həkim Şəmsiyyə Namazlı bunun zəruri olduğunu dedi: "Qədim dövrlərdə filosoflar deyirdilər ki, insan təbiətin şah əsəridir. Biz bunun həqiqətən belə olduğunu gördük. Karantin insanlara, onların sosial güzəranına ağır zərbə oldu. Buna görə də diqqətli olmaq, karantindən mərhələli şəkildə çıxmaq lazımdır. Əgər birdən- birə əvvəlki həyatımıza qayıtmaq istəsək, koronavirus yenidən alovlanacaq və indiyə kimi çəkdiyimiz əziyyətə, nümayiş etdirdiyimiz səbrə görə təəssüflənəcəyik". 

  Həkimin fikrincə, bütün vətəndaşlar məsələyə həssas yanaşmalıdırlar: "Təkcə müştərilər yox, sahibkarlar, ofisiantlar da məsuliyyət daşıyır. Onlar müştəriləri sosial izolyasiya qaydalarına əməl etməyə çağırmalıdırlar. Həm də obyektlərdə müştərilərə tibbi maska paylanmalı, dezinfeksiya edici məhlul təqdim edilməlidir. Çünki cəmiyyətin sağlamlığı insanın sağlamlığına istinad edir. Yəni bir nəfər hamını, hamı bir nəfəri düşünməlidir".