“Kremldə SSRİ-nin bərpasına dair ciddi palanlar hazırlanır” – Sensasion iddia 

“Rusiyanın əsas hədəflərindən biri MDB ölkələrində yaşayan etnik azlıqlara vətəndaşlıq verməklə həmin ölkələrə təzyiq etməkdən ibarətdir”







Rusiya prezidenti Vladimir Putin SSSR-nin bərpası ilə bağlı məlum açıqlamadan sonra rus vətəndaşlığını almağı da asanlaşdırıb. Post-sovet ölkə vətəndaşlarının Rusiya vətəndaşlığı alması üçün yeni qanun qəbul edilib. Qanuna əsasən, kimsə Rusiya vətəndaşı olmaq istəyirsə, öz ölkəsinin vətəndaşlığından imtina etməyə də bilər. Qanunun tətbiqi əsasən Belarus, Ukrayna və Qazaxıstan vətəndaşlarına şamil edilib. 

Məsələni “Sherg.az”a dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitunun rəhbəri Məhəmməd Əsədullazadə bəyan edib ki, Kremlin diqqət etdiyi bu üç ölkə keçmiş SSRİ-nin qurulmasında əsas dövlətlərdir. Analitik vurğulayıb ki, Rusiya prezidenti ilkin olaraq bu üç ölkə vətəndaşlarına bu qanununu tətbiq etməklə nəzarət mexanizmi əldə etməyə çalışır: 

“Bu presedentin digər MDB ölkələrinə də şamil ediləcəyi gözlənilir. Kreml rəhbərinin əsas məqsədi inteqrasiya prosesini sürətləndirmək və Rusiya vətəndaşlığını qəbul edən bu ölkələrin vətəndaşlarını müdafiə etmək adı ilə bu ölkələr üzərində siyasi təzyiq formalaşdırmaqdır. Həmçinin, bu ölkələrin əhalisinin Rusiyaya bağlılığına nail olmaqdır. Göründüyü kimi Rusiya MDB məkanında bu qanunu tətbiq etməklə həm də Qərbin regiondakı maraqlarının qarşısnı almağı planlayır. Məncə, Kremldə bu istiqamətdə ciddi palanlar hazırlanır. Rusiya KİV-lərinə MDB ölkələri ilə sıx işləmək, Rusiyaya rəğbət formlaşdırmaq üçün təbliğat xarakterli materiallar, verilişlər hazırlanması tapşırılıb”.



“Moskva KİV-lərə MDB ölkələri ilə sıx işləmək, Rusiyaya rəğbət formlaşdırmaq üçün təbliğat xarakterli materialların hazırlanmasını tapşırıb”

Siyasi şərhçinin sözlərinə görə, Ukrayna vətəndaşlarının Rusiya pasportu alması mümkün deyil: 

“Belarusun bu təklifə müsbət baxması gözləniləndir. Qazaxıstanın rus əsilli vətəndaşlarının bu yeni qanundan bəhrələnməsi də mümkündür. Lakin bu, Qazaxıstanın təhlükəsizliyi üçün risklidir. Ümumiyyətlə, Rusiya indiki dönəmdə siyasi və iqtisadi cəlbedici ölkə deyil ki, bu ölkənin vətəndaşlığını qəbul etsinlər. Sadəcə, Rusiya əmək bazarıdır və bu da MDB ölkələrinin kasıb əhalisi üçün çətində olsa da iş yeri deməkdir. Ona görə də həm Azərbaycan, həm də digər ölkələr iqtisadiyyatı inkişaf etdirməli, demokratik islahatlarla digər ölkələrin cəlb ediciliyini minimuma endirməlidir. Rusiyanın əsas hədəflərindən biri MDB ölkələrində yaşayan etnik azlıqlara vətəndaşlıq verməklə həmin ölkələrə təzyiq etməkdən ibarətdir”.