100 manat cərimələnənlər may ayının 4-dən sonra əfv olunacaqlar?  

 Məlum olduğu kimi, karantin qaydalarını pozan şəxslər 100 manat həcmində cərimə olunurlar. Bəziləri bunu artıq ödədiyi halda, bir qrup hələ də "borclu"dur.

Yayılan məlumatlara görə,  cərimələnənlər may ayının 4-dən sonra əfv olunacaqlar. İnsanlar bu xəbəri müsbət qarşılayıblar. Çünki koronavirus onsuz da hər bir vətəndaşın maddi durumuna zərbə vurub. Bir tərəfdən də, cərimələr çoxdan pisləşən kefə soğan doğramaq olar. 

  Məsələ ilə bağlı "Sherg.az"a fikrini bildirən sosioloq Əhməd Qəşəmoğlu düşünür ki, bunu birmənalı olaraq müsbət addım kimi qiymətləndirmək də düzgün deyil:

"Məncə, bu addıma müəyyən düzəlişlər olunmalıdır. Yəni insanların maddi durumları və nə üçün karantin qaydalarını pozduqları müəyyənləşməlidir. Əgər 100 manatı ödəmək vətəndaşa çətinlik yaradırsa və o, məcbur qalıb, çölə çıxıbsa, onda güzəşt edilməlidir. Əks arqumentlər aşkarlandıqda isə cərimənin ödənməsi  mütləq tələb edilməlidir. Düzdür, bizdə dediyim meyarları asanlıqla dəqiqləşdirən mexanizm hələ yoxdur. Bununla belə, insanlar müxtəlif faktlar, o cümlədən icazə sənədləri ilə bu imkandan yararlana bilərlər. Özü də sözügedən prosesdə təkcə polislər yox, həm QHT-lər, ictimai şəxslər iştirak etməlidirlər. Ümumiyyətlə, ədalətli cərimələnmə vərdişləri formalaşmalıdır".

  Sosioloq, həmçinin qeyd etdi ki, indiyə kimi cəriməsini ödəməyən bütün vətəndaşların əfv edilməsi mənfi nəticələrə səbəb ola bilər:


"İnsanlar qərara etinasız yanaşacaq və növbəti dəfə belə hal olanda bağışlanacaqlarına ümid edərək qaydanı pozacaqlar. Yəni insanlar qanundan qorxmayacaq, əksinə, tələblərə laqeyd münasibət  bəsləyəcəklər. Həm də bu, indiyə kimi cəriməsini ödəyənlərin aqressiyasına səbəb olacaq. Şübhəsiz, onlar da güzəşt tələb edəcəklər".