Paşinyan yaxşı bilir: “Onu ya quldur xuntası devirəcək, ya da xalq”

“Buna görə də elə indidən əl-ayağa düşüb, günahkar axtarır”




Ermənistanın baş naziri Nikol Paşinyan Feysbukda canlı yayımda Ermənistan cəmiyyəti üçün bir sıra sensasion açıqlamalar verib. Paşinyan hökumətin ölkədəki problemləri həll etmək iqtidarında olmadığını və Nazirlər Kabinetinin “keyfiyətsiz bir komanda” olduğunu bildirib. Ermənistan lideri gələn ilin Ermənistan üçün çox pis olacağını söyləyib:

“Cəmiyyətin vəziyyətini yüngülləşdirmək üçün hökumət olaraq heç nə edə bilmərik. İndi kim deyə bilər ki, koronavirus böhranı nə qədər davam edəcək? Məsələn, mən bunları deyə bilərəm: Hesablamalarımız göstərir ki, ən azı gələn ilin martına qədər bu böhran içində boğulacağıq. Deyirəm ki, böhran bir ildən də çox davam edə bilər. Böhran bütövlükdə Ermənistana, hökumətə, siyasi hakimiyyətimizə və ən əsas da nüfuzumuza təsir edəcək”. Başqa sözlə, Paşinyan öz xalqını gələcəyə ümidli olmamağa çağırıb. Erməni mediası Paşinyanın Ermənistan cəmiyyətinə “gələcək addımlar” barədə düşünməyi, yəni hökumətin istefasını tələb etməyi təklif etdiyini də yazıb. Ermənistanın “Politik.am” saytı isə yazıb ki, belə bir bəyanatla çıxış edən hökumət başçısı əslində məsuliyyətdən qaçmağa çalışır, çünki o, bir müddət öncə hər şeyin yaxşı olacağına söz vermişdi. 


“Baş nazirin ölkəyə rəhbərliyi dönəmində xalqın güzaranı pisləşib, kriminal ünsürlər yenə də ölkədə meydan oxuyur”

Paşinyanın etiraflarını “Sherg.az”a dəyərləndirən siyasi şərhçi, “Milli.az” saytının baş redaktoru Anar İmanov deyib ki, Ermənistanın indiki baş naziri indidən günahkarlar axtarır və öz səhvlərini sığortalasın. 
Analitik bildirib ki, əgər ölkəyə Paşinyan nəzarət edirsə, deməli bütün xətalar, acınacaqlı vəziyyət, dövlətdə baş verən faciələr məhz Paşinyanın idarəçilikdə verdiyi səhvlərin nəticəsidir: 

“Adi bir misal çəkim. Dünən Ermənistanın Qavar şəhərində 4 nəfərin ölümü ilə nəticələnən silahlı insident baş verib. Əvvəlcə şəhərdə atışma baş verib, iki nəfər öldürülüb. Hücum edən şəxslər hadisə yerindən qaçmağa çalışarkən qəzaya uğrayıblar və yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər. Qavara Ermənistanın polis rəisi Arman Sarkisyan və çox sayda polis əməkdaşı gəlib. Cinayətkarların saxlanıldığı xəstəxana polislər tərəfindən nəzarətə götürülüb. Bir müddət sonra atışmada ölən şəxslərdən birinin (hərbi polisin müstəntiqi - red) 500-ə yaxın qohumu və dostları xəstəxanaya girərək cinayətkarların boğazlarını kəsiblər. Polis əməkdaşları onları saxlaya bilməyib. Sadəcə bu insident göstərir ki, ölkəyə rəhbərlik çox acınacaqlı vəziyyətdədir. Ermənistan özünü inkişaf etmiş “demokratik ölkə” kimi qələmə verir. Amma düşmən ölkədə baş verənlər sanki hansısa meşədə qəbilələrarası müharibələrə bənzəyir. Bütün bu hadisələr guya koronavirusa görə karantinin tətbiq olunduğu şəhərdə baş verib”.

Politoloqa görə, həm Paşinyanın, həm də ondan əvvəlki siyasilərin rəhbərliyi zamanı Ermənistanda dinc əhalinin təhlükəsizliyi həmişə sual altında olub: 

“Fərq sadəcə ondan ibarətdir ki, əvvəl deputatlar güllələnirdi, indi isə başqa yüksək vəzifəlilər öldürülür. Paşinyan bilir ki, gec-tez onun da vaxtı çatacaq. Ya onu rəhbərlik etdiyi quldur xuntası devirəcək, ya da xalq. Ona görə də elə indidən əl-ayağa düşüb, günahkar axtarır. Onun ölkəyə rəhbərlik etdiyi vaxtda Ermənistan bir addım da irəliləməyib. Əksinə, xalqın güzaranı daha da pis olub, kriminal ünsürlər yenə də ölkədə meydan oxuyur. Baş nazir Qarabağ probleminin çözülməsi üçün Azərbaycanın işğal edilmiş torpaqlarının qaytarılması üçün heç bir addım atmayıb. Bütün bu problemlər təcrübəsiz, siyasətdən heç nə anlamayan Paşinyanın sonunu yaxınlaşdırır”.