AQTA-nın qərarı DƏSTƏKLƏNDİ: "Gigiyena, təmizlik hər şeydən vacibdir"

İctimai iaşə müəssisələrində koronavirusa yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və ondan qorunma yolları barədə məlumatlandırılması zəruridir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xəbər verib. Qurumdan bildirilib ki, müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmə səviyyəsi həmin qaydalar barədə məlumat vərəqələrinin çap edilərək müvafiq sahələrə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdirilməsi ilə artırıla bilər.

İşçi heyəti tibbi maskalardan istifadə qaydaları (taxılması, istifadəsi, çıxarılması, atılması) ilə bağlı təlimləndirilməlidir. Eyni zamanda, işçilər şəxsi gigiyena mədəniyyəti və praktikada tətbiqi barədə məlumatlandırılmalı və onların bu tələblərə uyğun davranmaları tələb edilməlidir.



AQTA- nın bu qərarı ilə bağlı "Sherg.az"a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, davranışlarda dəyişiklik olmalıdır: "Koronavirus təkcə insanların davranışına yox, həm də biznes qurumlarının,  o cümlədən kafe və restoranların fəaliyyətinə təsir etməlidir. Hər şeyi pula satmaq olmaz. AQTA- nın qərarı təqdirəlayiqdir. Amma əsas məsələ bu qaydalara nə dərəcədə əməl olunmasıdır. Bütün kafe və restoranlarda sosial izolyasiya qaydaları gözlənilməlidir. İstehlakçılar bir- birilərinə qarşı diqqətli olmalı, hansısa neqativ hal gördükdə bunu obyekt sahibinə bildirməlidirlər. Çünki cəmiyyəti qanunlar idarə etsə də, icraçılar vətəndaşlardır. Əlbəttə, dediyim məsələ birdən- birə olmur. Bundan ötrü maariflənməyə ehtiyac var".

E.Hüseynov bildirib ki, ən ciddi problemlərdən biri sanitar qovşaqlardakı vəziyyət, o cümlədən tualetlərin bərbad halda olmasıdır: 

"Bunu da diqqətdə saxlamaq lazımdır. Eyni problemə təkcə kafə və restoranlarda yox, iri mağazalarda, yanacaqdoldurma məntəqələrində də rast gəlinir. Unutmaq olmaz ki, gigiyena, təmizlik hər şeydən vacibdir".