Oruc tutanlara tövsiyə: “Meyvə və vitaminli qidalar qəbul etsinlər”

“Həddindən artıq yağlı qidalar, kabab və s. ağır ət yeməkləri yemək məsləhət deyil”





Orucluq hər bir müsəlman üçün vacib olan dini tələblərdəndir. Ona görə də Ramazan ayı girəndən etibarən minlərlə insan oruc tutmağa başlayır. Ancaq nəzərə almaq lazımdır ki, indi dünyada təhlükəli bir infeksiya yayılıb. Bütün ölkələr kimi Azərbaycan da koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparır. Bu baxımdan hesab edilir ki, indiki dövrdə oruc tutanlar tibbi tövsiyyələrə və qidalanma prosesinə xüsusi diqqət yetirməlidir. Əks halda zəif qidalanmadan orqanizmin immuniteti aşağı düşər və xəstələnmə riski daha da çoxalar. 

Karantin günlərində oruc tutmağın səhhətimizə göstərəcəyi xeyir və zərərlərdən danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, Ramazan ayında sağlamlığı imkan verən hər kəs oruc tuta bilər.
Professor burada sağlam qidalanmanın xüsusi rol oynadığını da bəyan edib: 



“İftar vaxtı mədəni çox yükləmək olmaz. Az-az, amma bir neçə dəfə yemək tibbi baxımdan daha məqsədəuyğundur”

“Oruc tutmaq praktiki sağlam insanların immunitetinə neqativ təsir göstərmir. Əksinə, lazımsız maddələrin bədəndən çıxmasına kömək edir. Eyni zamanda orqanizmi mobilizasiya və səfərbər edir. Amma ciddi xəstəliyi olan adamların, qan azlığı olan zəif insanların oruc tutması məqsədəuyğun sayılmır.

Onsuz da ciddi xəstəliyi olan şəxslərə oruc tutmaq fərz deyil. Belə adamlar pandemiyanı nəzərə alaraq daha çox orqanizmlərini gücləndirmək haqqında düşünməlidirlər. Orucu o adam tutur ki, özünü ona hazır sayır. Digər tərəfdən oruc tutmaqla bağlı sadəcə tövsiyyə xarakterli nələrsə deyilə bilər. Bu ibadəti icra etmək insanların daxili inamından irəli gəlir”. 

Həkim oruc tutanlara qidalanma ilə bağlı tövsiyələrini də verib: 

“Tövsiyyə edirik ki, oruc tutan insanlarımız iftar vaxtı daha çox meyvə, vitaminli qidalar qəbul etsinlər. Həddindən artıq yağlı qidalar, kabab və s. ağır ət yeməkləri yemək məsləhət deyil. İftar vaxtı mədəni çox yükləmək olmaz. Az-az, amma bir neçə dəfə yemək tibbi baxımdan daha məqsədəuyğundur. Təəssüflər olsun ki, oruc tutan bəzi adamlar iftar zamanı həddən ziyadə və çeşid-çeşid qidalar qəbul edirlər. Bu, qətiyyən yolverilməzdir”.