“Bütün tədbirlər Prezidentin nəzarəti altında həyata keçirilir”

“Nəticəsi isə ondan ibarətdir ki, Azərbaycan dünyada koronavirus dövründə ən sabit ölkələrdən biridir, bəlkə də, birincisidir”




“Koronavirus pandemiyası dövründə cənab Prezident tərəfindən çox təsirli və davamlı tədbirlər həyata keçirildi”
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib. 
Deputat bildirib ki, xüsusən aztəminatlı ailələrin sosial təminatının gücləndirilməsi, onlara müvafiq yardımların edilməsi istiqamətində çoxsaylı addımlar atılıb: 

“600 min insana iki aylıq 190 manatlıq müavinətin verilməsi, ünvanlı sosial yardım alan ailələrin sayının 10 min nəfər artırılması, 300 minə yaxın muzdlu işçinin əməkhaqqının dövlət tərəfindən ödənilməsi, sahibkarlara güzəştlər edilməsi, bank faizlərinin bir müddət təxirə salınması və s. tədbirlər əhali tərəfindən çox məmnunluqla qarşılandı. Bütün tədbirlər birbaşa cənab Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir. Nəticəsi isə ondan ibarətdir ki, Azərbaycan bugün dünyada koronavirus pandemiyası dövründə ən sabit ölkələrdən biridir, bəlkə də birincisidir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da vurğlayıb.

ÜST dövlət başçısı İlham Əliyevin addımlarını bir neçə dəfə çox yüksək qiymətləndirib. Bu baxımdan Azərbaycan modeli nümunəvi və effektli model kimi inkişaf etmiş dövlətlərdə də tətbiq olunur. Əlbəttə, cənab Prezidentin, eyni zamanda Birinci vitse Prezident Mehriban xanım Əliyevanın çağırışlarına ilk olaraq Yeni Azərbaycan Partiyası qoşulmalı idi. Bu, həmişə belə də olub. Təşkil etditimiz yardım aksiyası ilk deyil. Hələ karantin rejiminin lap əvvəllərində, Novruz bayramı günlərində tək-tənha yaşayan 150-yə yaxın insana Yeni Azərbaycan Partiyasının rayon təşkilatı tərəfindən yardımlar edilib. Dünən və bugün 50 aztəminatlı ailəyə yenidən ərzaq yardımı göstərilib. Təxminən, 500 ailəyə zəruri yardımlar edilib”. 

Parlament üzvü bəyan edib ki, cənab Prezidentimizin bu sahədə atdığı addımlara və Mehriban xanım Əliyevanın çağırışlarına hər bir vətəndaş qoşulmalıdır: 

“Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatı yardım aksiyasında çox fəal iştirak edir. Düşünürəm ki, bu çox mühüm məsələdir. Fürsətdən istifadə edib, bir millət vəkili və vətəndaş kimi həm dövlət başçısı cənab İlham Əliyevə, həm də Birinci vitse prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Çünki dövlət tərəfindən həyata keçirilən tədbirlər vaxtında icra olunmaqla yanaşı, həm də analoqu olmayan tədbirlərdir. Məhz buna görə dünya mediası və ÜST tərəfindən çox yüksək qiymətləndirilir. Bugünlərdə Heydər Əliyev Fondu tərəfindən də Ağdaşda 1000-dən artıq ailəyə ərzaq yardımı edilib. O cümlədən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və müxtəlif iş adamları, sahibkarlar da bu yardım aksiyasına qoşulublar. Yardım edən hər kəsə öz minnətdarlığımı bildirirəm”.