“Vergi güzəştləri iqtisadiyatın inkişafı üçün geniş spektr açacaq” - Ekspert

"Bütün dünya iqtisadiyyatına mənfi təsir göstərən  koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına da mənfi təsiri qaçılmaz oldu". 
Bu sözləri "Sherg.az"a pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, kiçik və orta sahibkarlığa vergi güzəştlərinin və tətillərinin verilməsini dəyərləndirən  iqtisadçı- ekspert Asif İbrahimov  deyib. 

Onun sözlərinə görə,  kənardan müşahidə etdikdə tibb, əczaçılıq və qida sektorlarının pandemiyanın ilk aylarında mənfəətlə fəaliyyət göstərdiyi düşünülsə də, pandemiya bu sahələrə də öz mənfi təsirini göstərib. Bunun səbəbini isə insanların karantin günlərində evdə oturmağı və maliyə dövriyyəsinin azalması ilə izah etmək olar: 

"Vergi güzəştləri və tətilləri ilə bağlı təkliflər paketi koronavirus pandemiyasının iqtisadiyyatımıza mənfi təsirlərinin qiymətləndirilməsi məqsədilə yaradılmış işçi qrup çərçivəsində müvafiq sahə üzrə  fəaliyyət  göstərən hökümət və qeyri hökümət təşkilatları qurumları, sahibkarlar, eyni zamanda müstəqil iqtisadçı-ekspertlərlə  geniş müzakirə olunub. Vergi güzəştləri və təklifləri paketi demək olar ki, tibb, əcazçılıq sahələri xaric bütün sahələri əhatə edir. Hətta bununla bağlı Vergi Məcəlləsinə yeni bir fəsil əlavə edilməsi planlaşdırılır. Pandemiyadan zərər çəkən sahibkarlıq fəaliyyəti növləri kimi ölkə ərazisində istər şəhərlərarası, istər rayonlararası sərnişindaşıma fəaliyyəti həyata keçirən subyektlər, yerləşdirmə vasitələri hesab olunan mehmanxana, otel, hostel kimi təsərrüfatları, ictimai-iaşə fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərini, əyləncə, istirahət, kinoteatr, muzeylər, səhnə fəaliyyəti kimi bir sıra sahələr müəyyən edilib.  Bu siyahıya  bütün növ tədris müəssisələri, o cümlədən məktəbəqədər tədris müəssisələri, uşaqların psixoloji və digər sahələr də aiddir". 

Ekspertin fikrincə,  təqdim edilən  qanun layihəsində pandemiyadan bilavasitə zərər çəkən sahələr üzrə əmlak və torpaq vergiləri üzrə 2020-ci il üzrə tamamilə vergidən azad edilir: 

"Mənfəət vergisi üzrə isə 75% güzəşt müəyyən edilib. Bundan başqa,ölkə daxilində sərnişindaşıma fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxslə, habelə ictimai-iaşə fəaliyyətini həyata keçirən subyektlər üçün sadələşmiş verginin xüsusi rejimi mövcuddur. Həmin hüquqdan istifadə edən sahibkarlar üçün də sadələşmiş verginin dərəcəsi 50 faiz azaldılıb.

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində zəruri olan tibbi avadanlıqlar və tibbi aksesuarlar, habelə əhalinin ərzaq ehtiyaclarının təmin edilməsi bağlı bəzi ərzaq növlərinin, o cümlədən uşaqlar üçün qida məhsullarının müddətli olaraq ƏDV-dən tamamilə azad olunması nəzərdə tutulur.

Pandemiyadan zərər çəkən subyektləri tərəfindən 2020-ci il ərzində 2019-cu ilin nəticələrinə görə cari vergi ödəmələrinin ödənilməsi təxirə salınıb. Ümumiyyətlə 2020-ci il ərzində bütövlükdə cari vergi ödəmələri mənfəət vergi ödəyiciləri tərəfindən istər arayışların verilməsi, istəsə də ödəmələrin bilavasitə həyata keçirilməsi ləğv edilib.

Bütün Sahibkarlıq subyektlərinin 2019-cu ilin nəticələri üzrə mənfəət vergisi bəyannamələrin təqdim edilməsi və mənfəət vergisi üzrə ödənişlərin edilməsi də 1 sentyabr 2020-ci ilə qədər təxirə salınıb".

A.İbrahimovun fikrincə  təklif olunan vergi güzəştləri ünvanlı şəkildə tətbiq edilərsə,  istər vergi yükün azaldılması,istərsə də milli iqtisadiyatın inkişafı üçün geniş spektr açacaq.