Tələsmək olmaz ! – “Koronavirus təhlükəsi hələ sovuşmayıb”

“Xəstəliyin ikinci dalğasının başlamaması üçün hər bir vətəndaş karantin rejiminə, qaydalara əməl etməlidir”



COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi çox vacibdir. Ayın 27-də xüsusi karantin rejiminin nisbətən yumşaldılması koronavirus təhlükəsinin sovuşduğu anlamına gəlməməlidir. Çünki karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər. O səbəbdən özünütəcrid və “evdə qal!” kampaniyası daha ciddi formada davam etdirilməlidir.

Ekspertlər də hesab edirlər ki, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Heç şübhəsiz, epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaq. Bu səbbədən indiki vəziyyət daha çox insanlara bağlıdır. Məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmalıdır. Ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik distansiya tələbinə riayət etməlidirlər. 

Millət vəkili Eldar İbrahimov da “Sherg.az”a deyib ki, bu məsələdə qətiyyən tələskənlik etmək olmaz. Deputatın sözlərinə görə, karantin rejimi mərhələli şəkildə yumşaldılmalıdır: 

“Koronavirus pandemiyasını ciddiyə almaq lazımdır. Bu, çox ciddi virusdur və təhlükə hələ sovuşmayıb. Ona görə də karantin rejimini mərhələli şəkildə yumşaltmaq lazımdır. Birdən-birə bütün məhdudiyyətləri aradan qaldırmaq ciddi fəsadlara yol aça bilər. Xəstəliyin ikinci dalğasının başlamaması üçün hər bir vətəndaş karantin rejiminə, qaydalara əməl etməlidir. Karantin rejimi tədricən götürülsə belə yenə də insanlar gigiyenik qaydalara, sosial izolyasiyaya riayət etməlidir. Sabah desələr ki, müddət başa çatır, hamı maskanı çıxarıb atacaq. Ehtiyatla yanaşmalıyıq və tələblərə riayət etməliyik”.