Koronadan ölüm riski hələ də qalır:“Sərt cəzalar tətbiq edilməlidir!”

Aprel ayının 27-dən etibar karantin qaydalarında müəyyən yumşaldılmanın olması bəzilərində yanlış təsəvvür yaradıb. İnsanlar elə düşünürlər ki, koronavirus təhlükəsi tamamilə sovuşub və daha ölkədə bu infeksiyanın adı çəkilməyəcək. Halbuki ölüm və yoluxma riski hələ də qalır. 

 Bununla bağlı "Sherg.az"a danışan millət vəkili Fazil Mustafa vətəndaşları tədbiri əldən verməməyə çağırdı: 

"Belə görünür, insanlar koronavirusu ciddiyə almırlar. Hətta küçəyə, həyətə çıxmaq üçün sanki bir- birləri ilə yarış aparırlar. Ona görə də şəxsən mən düşünürəm ki, yumşaldılma bir az ertələnə də bilərdi. Bir halda ki, belədir, gərək insanlar ehtiyatlı və diqqətli olsunlar"
 
 Deputat, həmçinin vurğulayıb ki, yumşaldılmadan sui-istifadə edənlərə qarşı sərt cəzalar tətbiq edilməlidir:

"Küçədə tibbi maskasız gəzən şəxs dərhal cərimə edilməlidir. Maska çatışmazlığının yaranmaması üçün apteklər bu avadanlıqla təmin edilməlidir. Türkiyə kimi bir dövlətdə bir neçə günlük hətta küçəyə çıxmaq qərara alınmışdı. Biz gərək bu sərt tədbirləri gözümüzün qabağına gətirək və hökuməti daha sərt addımlar atmağa məcbur etməyək".