Sevinmək üçün tezdir: “Virusa qarşı məsuliyyətli olmalıyıq!” – İkinci dalğa... 


Bütün dünyada artıq koronavirusa yoluxma artan templə davam edir. Lakin bir çox ölkədə, o cümlədən bu infeksiyanın ilk yayıldığı yer olan Çində ikinci dalğa da müşahidə olunur. Deməli, məsuliyətsizlik, laqeydlik ciddi bəlalara səbəb olur.

 Mövcud vəziyyət təhlil edilərək ölkəmizdə də karantin qaydalarında yumşalmalar aparıldı. Fəqət bunu bayram kimi qəbul etmək hələ tezdir. Əksinə, daha məsuliyyətli olmaq, infeksiyanın yayılması üçün şərait yaratmamaq lazımdır. 

 Millət vəkili Rüfət Quliyev bununla bağlı "Sherg.az"a danışarkən qeyd edib ki, vətəndaşlar özünün məsuliyyəti ilə hökumətin humanist addımlarını qiymətləndirməlidirlər: 

"Dövlət başçısı Avropa Bankının  rəhbərliyi ilə görüşəndə də demişdi ki, biz insan sağlamlığını iqtisadi sabitlikdən üstün tuturuq. Deməli, hökumət infeksiyanın yayılmasının qarşısını almağa görə külli miqdarda vəsait xərcləməyə hazırdır. Bircə qalır vətəndaş məsuliyyəti. Koronavirus pandemiyası bir əsr əvvəlki İspan qripi xəstəliyini xatırladır. Məsuliyyəsiz hərəkət edənlər məhv olmuş, çevik reaksiya göstərənlər isə sonradan böyük inkişaf yolu keçmişdilər. Koronavirusun çox uzun müddət davam edəcəyinə inanmıram. Lakin hər halda hələ sevinmək üçün tezdir. Səbrli, məsuliyyətli olmalıyıq! Başqa yol yox artıq!"