Deputat: “Koronovirusa yoluxma halları davam edir” - Barmaqarası baxmayın ! 

“Artıq dördüncü gündür ki, karantin rejiminin qismən yumşaldılması şəraitində yaşayırıq. Ancaq müşahidələr göstərir ki, bir çox insanımız özünü pandemiya şəraitinə uyğun aparmır”. 

Bu sözləri “Sherg.az”a millət vəkil Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, iki gün öncə Yasamal rayonunun ərazisində yerləşən bank filiallarının qarşısında xeyli sayda vətəndaşın, heç bir sosial məsafə gözləmədən, bir çoxlarının qoruyucu maskalardan belə istifadə etmədən toplaşdığının şəxsən şahidi olub: 

“Televiziya kanalları vasitəsilə xəbərlər proqramlarında müxtəlif super marketlərdə də eyni mənzərələri nümayiş etdirirlər. Heç bir zərurət olmadan icazə alaraq gəzməyə çıxan insanlar dərk etmirlər ki, koronovirusa yoluxma halları hələ də davam edir. Buna barmaqarası baxmaq doğru deyil və dünyada bu virusa qarşı qarşı vaksin hələ tapılmayıb. Bəzi ölkələrdə koronovirusun ikinci dalğası müşayiət olunmaqdadır. Vətəndaşlarımızdan xahiş edirəm ki, səbrli, təmkinli olsunlar. Sınanmış və özünü təsdiq etmiş qaydalara riayət etsinlər. Bununla həm özlərini, yaxınlarını əzab-əziyyətdən xilas etmiş olarlar, həm də dövləti izafi xərclərlə yükləməzlər. Pandemiya bitənə qədər vətəndaş məsuliyyətinin gözlənilməsi şərtdir".