Bəzi icra başçılarına sonuncu xəbərdarlıq: “İşini qanun çərçivəsində qur !”

“DTX-nın əməliyyatları digər başçılar və məmurlar üçün də profilaktik əhəmiyyətə malikdir”


“Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında əməliyyat keçirərək rayon icra başçısı Mahir Quliyevi və rayonun bir neçə digər vəzifəli şəxslərini həbs etməsi gözlənilən idi”. 

Bu barədə “Sherg.az”a Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, bundan öncə yerlərdə öz səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif qanunsuzluqlara yol verən, vəzifə səlahiyyətlərini aşan bəzi başçılara ən üst səviyyədə, ölkə Prezidenti səviyyəsində dəfələrlə xəbərdarlıq edilib: 



“Görünən budur ki, bəzi icra başçılarına nə xəbərdarlıqlar, nə də bundan öncəki həbslər dərs olub.  Hətta karantin dövründə də öz nəfsinə hakim ola bilməyib imkansız vətəndaşların müavinətlərinə, təqaüd pullarına göz dikən, yerlərdə dərəbəylik edən, insanlıq və mərhəmət hisslərini itirən rayon rəhbərlərinin mövcud olması həqiqətən də təəssüf hissi doğurur.

Mətbuatda gedən xəbərlərdən də məlum olur ki, DTX-nın sözügedən əməliyyatı karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Çünki mərkəzi dövlət qurumlarına Biləsuvar rayon sakinlərindən çoxsaylı, əsaslı şikayətlər daxil olub.

Biz bu əməliyyatın keçirilməsini və Prezident İlham Əliyevin məmurların yerlərdə şəffaf fəaliyyətinin təmin edilməsi ilə bağlı ortaya qoyduğu iradəsini dəstəkləyirik. Hesab edirik ki, bu cür əməliyyatlar digər başçılar və məmurlar üçün də profilaktik əhəmiyyətə malikdir.

Yəni bundan sonra bir daha hər kəs öz hərəkətlərinə çəki-düzən verməli, öz işini qanunlar çərçivəsində və Prezidentin verdiyi tövsiyyələrə uyğun olaraq qurmalıdır. Bunun başqa alternativi yoxdur. Köhnə idarəçilik zehniyyətindən əl çəkmək istəməyən hər bir icra başçısı üçün bu əməliyyat sonuncu xəbərdarlıq sayıla bilər”.