Millət vəkili: “"Evdə qal!" kampaniyası davam etdirilməlidir !" - Risk hələ də qalır !

Jalə Əliyeva: “Karantin qaydalarının yumşaldılması infeksiyanın vaksinin tapılması kimi başa düşülməməlidir”



“Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə kompleks şəkildə, bütün parametrlər nəzərə alınmaqla aparılır”.
Bu barədə “Sherg.az”a millət vəkili Jalə Əliyeva koronavirus təhlükəsinin hələ bitməməsi ilə bağlı danışarkən bildirib.
Xanım parlamentari qeyd edib ki,  Prezidentimiz cənab İlham Əliyevin  müəyyən etdiyi qabaqlayıcı tədbirlər ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısını almağa yönəlib və bu addımlar müsbət nəticələrini  verməkdədir:

“Yoluxma sayında azalma müşahidə edilməsi vətəndaş məsuliyyətini azaltmamalıdır. Əhali bilməlidir ki, “COVID-19” xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir.  Gigiyena qaydalarına daha ciddi  riayət olunması ilə bağlı maarifləndirici materiallar, videoçarxlar hazırlanmalıdır. Özünütəcrid, "Evdə qal!" kampaniyası davam etdirilməlidir. Yaşı 65-dən artıq olan vətəndaşlarla bağlı xəbərdarlıqlar bərpa olunmalıdır".

Millət vəkili onu da nəzərə çatdırıb ki, karantin qaydalarının yumşaldılması infeksiyanın vaksinin tapılması kimi başa düşülməməlidir, çünki risk hələ də qalır:

 "Hamımız anlamalıyıq və bir- birimizi anlatmalıyıq ki, karantin qaydalarını pozmaqla, yumşaldılmadan sui- istifadə etməklə təkcə özümüzü və yaxınlarımızı xəstələnmək riski ilə üz-üzə qoymuruq, həm də cəmiyyətə qarşı sayğısızlıq göstərir, onun dəyərlərinə qəsd etmiş oluruq!".