Saakaşviliyə vəzifə təklifi Zurabişvilini niyə rahatsız edib ?! – AKTUAL ŞƏRH

“Gürcüstan rəhbərliyinin bu təyinatdan rahatsız olması başadüşüləndir” 

“Çünki Saakaşvili rusiyayönmülü hər dövlət rəhbərinin qorxulu yuxusudur”




Gürcüstan prezidenti Salome Zurabişvili Mixail Saakaşviliyə Ukrayna Nazirlər Kabinetində mümkün vəzifə verilməsindən narahat olduğunu bildirib. Zurabişvilinin bununla bağlı bəyanatı prezidentin saytında yerləşdirilib. O, Gürcüstanla Ukraynanın əməkdaşlığının və səylərinin ümumi maraqlara əsaslandığını bildirib:

“Dövlət başçısı kimi yaxşı anlayıram ki, digər ölkənin daxili işlərinə və kadr siyasətinə müdaxilə yolverilməzdir, amma həm də dövlət vəzifəsini təkcə Gürcüstan Məhkəmə Hakimiyyəti tərəfindən yox, eləcə də Avropa İnsan Haqları Məhkəməsi tərəfindən təsdiqlənmiş cinayət fəaliyyətləri olan şəxsə verilməsi qəbuledilməz və anlaşılmazdır. Onun ağır korrupsion cinayətlərdə ittiham olunmasından danışmağa belə dəyməz. Bir nəfər nə qədər vacib olmalıdır ki, onun ucbatından dövlətlər arasındakı uzunmüddətli münasibətləri təhdid altında qoyasan və cəmiyyətlərimizi təhqir edəsən. Mən bunu təsəvvür edə bilmirəm”.

Göründüyü kimi Zurabişvili konkret olaraq bu təyinatın Kiyev və Tbilisi arasında gərginlik yaradacağını bəyan edib və Saakaşvilini “beynəlxalq cinayətkar” adlandırıb. Bəs, prezidentin iddia etdiyi kimi bu təyinat iki ölkə arasında ciddi qarşıdurmaya səbəb olacaqmı? 

Gürcüstan prezidentinin açıqlamasını “Sherg.az”a dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Zelenski hakimiyyətə gəldikdən sonra rusiyayönümlü müxalifəti sarsıtmağa nail olub. 

Lakin analitik hesab edir ki, Ukraynanın bədənində metastaz vermiş “bədxassəli şişlə” mübarizə hələ uzun çəkəcək: 

“Ali Radada üstünlük əldə edən Zelenski daxili işlər naziri, Bakı ermənisi Avakovu hələ də zərərsizləşdirə bilmir. Avakov kifayət qədər korrupsiyalaşmış oliqarx olmaqla həm də böyük ehtimalla Ukraynaya dost olmayan ölkələrin maraqlarına xidmət edən sürüşkən siyasətçidir. Məlumdur ki, hələ Saakaşvilinin Odessa meri işləyən zaman Avakovla çox ciddi qarşıdurmaları olmuşdu. Münasibətlər həm də şəxsi müstəvidə korlanmış vəziyyətdədir. Zelenskinin Sakaşvilini baş nazirin müavini vəzifəsinə gətirərək ona müstəsna səlahiyyətlərin verilməsini istəməsi məhz Avakovun zərərsizləşdirilməsinə hesablanıb. Lakin Avakovun meydan hərəkatının qəhrəmanlarından olması və kifayət qədər böyük əlaqələri ona Zelenski ilə baş-başa gəlməyə cəsarət verir. Zelenski açıq mətnlə Radaya müraciət edərsə, Saakaşvilinin təyinatı baş tuta bilər”.

Siyasi şərhçinin sözlərinə görə, Gürcüstan rəhbərliyinin bu təyinatdan rahatsız olması başadüşüləndir: 

“Saakaşvili rusiyayönmülü hər dövlət rəhbərinin qorxulu yuxusudur. Təyinat reallaşacağı təqdirdə Gürcüstan və Ukrayna arasında münasibətlərə heç bir təsir olmayacaq. İlk növbədə Saakaşvili Gürcüstanla məşğul olmaq üçün Ukraynada hansısa bir işi uğurla başa çatdırmalıdır. Bunun üçün isə müəyyən zaman lazımdır. Ona qədər isə Zurabaşvili Gürcüstan rəbrəliyindən uzaqlaşdırılacaq”.