17-18 yaşdan sonra çox gecdir

Tibbin köməkliyi ilə boyu uzatmaq mümkündür



Son zamanlar sosial media üzərindən apardığım araşdırmalar zamanı o qənaətə gəldim ki, hazırda gənclərin əksəriyyəti öz boy ölçülərindən narazıdır. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, ötən əsrlərlə müqayisədə bu əsr insanların boy ortalaması iki-üç santimetr aşağı düşüb. El deyimi ilə desək, sanki insanlar “cırlaşır”. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, boylarının uzanmasını istəyən gənclərimiz ya bol-bol kalsium qəbul edir, ya gecə-gündüz idmanla məşğul olur, ya da ki, bütün ümidlərini həkimlərə bağlayır.



“Sherg.az” mövzunu Tibb elmi üzrə fəlsəfə doktoru, həkim Şəmsiyə Namazlı ilə müzakirə edib. 

- İnsanların boylarının uzun və ya qısa olması bir çox faktorlarla bağlıdır. Yəni boya təsir göstərən amillər çoxdur. Həmin faktorların başında isə genetika durur. Əgər bir insanın valideynlərinin boyu qısadırsa, o zaman burada birmənalı olaraq uca boydan danışmaq mənasız olar. Bundan əlavə, insanlarda hormonal tarazlığın pozulması, düzgün qidalanmamaq, yuxu rejiminin pozulması, ağır həyat tərzi kimi amillər boy uzanmasına mane olur. 

- İnsanların boyunun uzanması tibbin köməyi ilə mümkündürmü?

- Tibb vasitəsi ilə boyun uzadılması mümkündür. Lakin bu fikrim bütün yaş kateqoriyasından olan insanlara şamil edilmir. Artıq 17-18 yaşdan etibarən insanların boy prosesi dayanır. Tibb vasitəsi ilə boyun uzadılması daha çox uşaqlarda mümkündür. Çünki uşaqlarda böyümə zonası açıq olur. Ümumiyyətlə, həkimə boyla bağlı müraciət olunduqda ilk proses insanların böyümə zonasının rentgenin çəkilməsidir. Əgər insanda böyümə zonası bağlıdırsa, bu zaman pasiyentə kömək etmək mümkün deyil. Amma böyümə zonası açıqdırsa, vaxtında həkimə müraciət olunubsa, artıq həkim müəyyən dərman preparatları ilə, hormonal tarazlığı qorumaqla boyu uzada bilər. 

- Hansı idman növləri boy uzadılmasına kömək edir?

- İdman insanların boy normasında müstəsna rol oynayan faktorlardan biridir. Bəzi idman növləri uşaqların boyunun uzanmasına kömək etsə də, bəziləri də mane olur. Məsələn, üzgüçülük, voleyboll, baskidboll və tenis kimi idman növləri boy atrmasına ciddi kömək edir. Bu kimi idman növləri ilə məşğul olan idmançıların əksəriyyəti uca boylu olur. Amma ağırlıq qaldırma, güləş kimi idman növləri boy uzanmasına mane olur. Çünki bu cür idman növlərində sadəcə əzələlər inkişaf edir. 



- Qidalanmanın da insanların boyunun uzanmasında önəmli faktor olduğunu bildirdiniz. Bununla bağlı əlavə nə deyə bilərsiniz?

- Qidalanma boy prosesində çox ciddi rol oynayır. Məsələn, kalsium və D vitamini boy artıran əsas faktorlardır. İnsanlar daha çox bu vitaminlərlə zəngin olan qidaları qəbul etməlidirlər. Meyvə, tərəvəz, kalsium tərkibli yeməklər, düzgün qidalanma həm orqanizmi gücləndirir, həm də boyun uzanmasına kömək edir. Lakin ayaqüstü qidalanma, şirniyyat, kimyəvi və zərərli qidalar, yağlı yeməklər, vaxtsız qidalanma insanlarda boya mənfi təsir göstərir. Eyni zamanda yuxu rejiminin pozulması, yuxusuzluq da boy inkişafına mənfi təsir göstərən amillərdir. 

- Bir az əvvəl 17-18 yaşında insanlarda boy prosesinin dayanmasını bildirdiniz. Amma əksər əsgərlərin hərbi xidmət zamanı boy uzanması müşahidə olunur. Bəs bu proses necə baş verir?

- Bəli, hərbi xidmət zamanı bu cür hallarla çox raslaşırıq. Bayaq boyun inkişaf prosesinin 17-18 yaşadək olduğunu desəm də düzgün qidalanmadan da bəhs etdim. Hərbi xidmətdə bu kimi amillərə çox ciddi əməl olunur. Əsgərlərin qidalanması, yuxu sistemi, idmanı normal və rejimlə həyata keçirilir. Bu zaman əsgərlərdə orqanizm güclənir. Bu faktor dolayısı ilə boya da təsir göstərir. Eyni zamanda onu da qeyd edim ki, ekoloji tarazlığın pozulması da insanların boy prosesinə təsir göstərir.