Ağsaqqaldan dövlət rəhbərinə:“Fədakarlığınız, yorulmaz fəaliyyətiniz bizi daha da ruhlandırır” 


Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.

Zaqatala rayonundan olan ağsaqqal İsa Əhmədov dövlət rəhbərinə məktubunda qeyd edir:

 “Möhtərəm cənab Prezident, son vaxtlar dünyada geniş vüsət almış koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, ölkəmizin, xalqımızın pandemiya ilə mübarizədən qalib çıxması üçün tərəfinizdən görülən qabaqlayıcı tədbirlər biz ağsaqqallar tərəfindən də rəğbətlə qarşılanır. Siz ilk günlərdən bütün qüvvələri səfərbər edərək mümkün tədbirləri həyata keçirdiniz, hər zaman olduğu kimi, bu çətin anda da vətəndaşların yanında, onların xidmətində oldunuz. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün gördüyünüz işlər, göstərdiyiniz fədakarlıq, yorulmaz fəaliyyətiniz bizi daha da ruhlandırır.

Bu gün Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə tədbirləri, həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunədir. Bəşəriyyəti bürüyən bu bəladan qorunmaq üçün xalqa etdiyiniz müraciətləriniz, qısa müddət ərzində ölkəmizdə 14 laboratoriyanın fəaliyyətə başlaması, “Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi, tibbi maska istehsal edən müəssisənin açılışı, sosial paketin həyata keçirilməsi üçün böyük həcmdə maliyyə vəsaitinin ayrılması sübut etdi ki, ölkəmizdə bütün lazımi addımlar ən yüksək səviyyədə atılır.

Biz ağsaqqallar da dövlətimizə, onun gücünə, gördüyünüz işlərə fərdi məsuliyyətimizlə dəstək olacaq, bəşəriyyəti bürüyən bu bəladan uğurla çıxacağıq. Azərbaycan xalqının sağlamlığının qorunmasına xidmət edən fəaliyyətinizə görə Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı arzu edirik”.