“Xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi sərtləşdiriləcək”

“Bu səbəbdən hazırkı vəziyyətdə hər şey insanlara bağlıdır”

Vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik məsafə  tələbinə riayət etməli, maska və əlcəklərdən istifadəni unutmamalıdırlar”



"Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkələrin iqtisadiyyatına vurduğu ziyandan daha çox insanların sağlamlığına təhdidi bugünümüzün ən ağrılı, diqqətçəkən probleminə çevrilib. Bu günədək dünyanın 200-dən çox ölkəsində koronavirus pandemiyası nəticəsində 3,13 milyondan çox yoluxma və 217 mindən çox ölüm hadisəsi qeydə alınıb. Xəstəlik hallarının sayına görə koronavirusdan ən çox təsirlənən bölgələr ABŞ, Çin, Cənubi Koreya, eyni zamanda, İtaliya, İspaniya, Almaniya, Fransa, İsveçrə kimi inkişaf etmiş Avropa ölkələri və həmçinin bizə qonşu dövlət olan İrandır".

Bu fikirləri "Sherg.az"a açıqlamasında Yeni Azərbaycan Partiyası  Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Azərbaycanda  yoluxma hallarının gündən-günə azalması müşahidə olunur:

"Virusa yoluxan  insanların onlar üçün ayrılan xəstəxanalarda yüksək səviyyədə müalicə olunaraq normal həyata qayıtmaları da günümüzün reallıqları sırasındandır. Müsbət nəticələr  cənab Prezident İlham Əliyevin zamanında verdiyi tapşırıqlar əsasında  görülən qabaqlayıcı tədbirlərin  nəticəsidir. Əksər ölkələr Azərbaycanın koronavirus  infeksiyasına qarşı mübarizə təcrübəsindən yararlanaraq karantin qaydalarını tətbiq ediblər.
Azərbaycanın ilk gündən həyata keçirdiyi tədbirlər yüksək dəyərləndirildi. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı dünyanın pandemiyaya qarşı mübarizə tədbirlərinə başladığı ilk vaxtlardakı müsahibəsində xüsusi vurğulamışdı  ki, Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşdı,  ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi ÜST-ə məlumat verməklə düzgün addım atdı. Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması mübarizə tədbirlərinin sonrakı mərhələsi barədə aydın təsəvvür yaratdı".



V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın bütün sahələrdə, o cümlədən pandemiyaya qarşı mübarizədə  nümunəviliyinin əsas meyarında dövlətin vətəndaşına qayğısı, diqqəti dayanır:

"Görülən tədbirlərin davamlılığı istər ölkə daxilində, istərsə də hüdudlarından kənarda  Azərbaycanın pandemiyadan az itki ilə çıxacağı barədə  fikirlərin səsləndirilməsini şərtləndirdi. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, 575 çarpayılıq “Yeni klinika” xəstəxanasının açılışı, 600 min insana birdəfəlik ödənişlərin edilməsi, sosial-iqtisadi tədbirlər üçün 3,5 milyard manatlıq maliyyə paketinin ayrılması, sahibkarlara vergi güzəştlərinin edilməsi onu göstərir ki, Azərbaycanda pandemiya ilə mübarizə ən yüksək səviyyədə təşkil olunub. Amma bu, o demək deyil ki, təhlükə sovuşub və biz arxayınlaşmalıyıq.
Qeyd etdiyimiz kimi, dünyada koronavirus pandemiyasının geniş yayıldığı və mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda respublikamızda xüsusi karantin rejiminin yumşaldılması ölkə əhalisində  təhlükənin sovuşduğu əhval-ruhiyyəsini yaratmamalıdır.Azərbaycan dövlətinin  virusa qarşı mübarizəyə başlandığı gündən karantin qaydalarını getdikcə sərtləşdirməsi ölkəmizdə bu dəhşətli xəstəliyə yoluxma hallarının coğrafiyasının genişlənməməsinə gətirib çıxardı.
Karantin rejiminin yumşaldılması şəraitində  həkimlərimizin də fədakarlığını, əməyini aydın şəkildə görmək mümkündür.  Virusa yoluxanların böyük bir hissəsinin müalicə olunaraq sağalması və normal həyata dönməsi həkimlərimizin, ümumilikdə bütün  tibb işçilərinin əməyinin nəticəsidir.  Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sahələrin, o cümlədən səhiyyənin inkişafında da stimulverici amil rolunu oynayır. Tibb müəssisələrində  yaradılan şərait  hər bir vəziyyətdən uğurla çıxmağa əsas verir. Lakin bu məqamı da unutmamalıyıq ki, karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər".
 
V.Rəhimzadə hesab edir ki, xüsusi karantin rejimindəki mövcud hesab məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir: 

"Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın da xəbərdarlıq etdiyi kimi, epidemioloji vəziyyət tələb edərsə, yəni, xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaq. Bu səbəbdən hazırkı vəziyyətdə hər şey insanlara bağlıdır. Çünki məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik məsafə  tələbinə riayət etməli, ən əsası maska və əlcəklərdən istifadəni unutmamalıdırlar.
Hər bir vətəndaş belə bir çətin vəziyyətdə məsuliyyətini dərk etməli, qəbul olunan qaydalara, verilən tövsiyələrə riayət etməli, məsələyə həssas yanaşmalıdır".