Arxayınlaşmaq olmaz ! – “Hamı qaydalara riayət etməlidir”

“Tətbiq olunan qaydalara əməl edilməməsi statistik göstəricinin, yoluxmanın artmasına səbəb ola bilər”



“Artıq iki aya yaxın bir müddətdir ki, koronavirus pandemiyası elan olunub və Azərbaycan höküməti bu məsələdə çox ciddi və qabaqlayıcı addımlar atıb”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. 
Depuatın sözlərinə görə, beynəlxalq ictimaiyyət də Azərbaycanda görülən tədbirləri yüksək qiymətləndirir: 

“Vətəndaşlarımız pandemiya ilə bağlı atılan bütün addımları dəstəkləyir və cənab Prezidentə təşəkkür məktubları ünvanlayırlar. Ancaq karantin rejiminin tədricən yumşaldılması və ya ümumiyyətlə başa çatması o demək deyil ki, virus artıq yoxdur. Bundan sonrakı mərhələdə də gigiyenik qaydalara mütləq riayət olunmalı, məsafə saxlanılmalıdır. Düzdür, statistik göstəricilər müsbətə doğru gedir. Yoluxma hallarının azalması ilə bərabər, sağalanların sayıda çoxalır. Bunun başlıca səbəbi ölkədə görülən tədbirlər və məhdudiyyətlər oldu. Lakin bu vəziyyət insanlarda arxayınlıq yaratmamalıdır. Hamı qaydalara riayət etməlidir. Tətbiq olunan qaydalara əməl edilməməsi statistik göstəricinin, yoluxmanın artmasına səbəb ola bilər. Bu baxımdan vətəndaşlarımız indiki həssas dönəmdə tələb olunanlara əməl etməli və mümkün qədər ehtiyatlı davranmalıdırlar”.