Çağırışlara əməl edin! - “İnsanlar sosial məsuliyyət nümayiş etdirməlidirlər”

“İnsanlar karantin rejiminin yumşaldılmasından sui-istifadə etməməlidir. Aprelin 27-dən başlayaraq karantin rejimində yumşaldılmalar oldu. Buna baxmayaraq, virusa yoluxma halları artdı. Ölüm sayı da artmağa davam edir. İnsanlarımız məsuliyyətli olmalıdırlar. Əks təqdirdə, bu boyda görülən işlər, çəkilən əməklər boşa gedə bilər”.

Bunu “Sherg.az”a açıqlamasında V çağırış Milli Məclisin deputatı, ekspert Sona Əliyeva deyib.

Onun sözlərinə görə hazırda bütün dünya ölkələri koronavirus pandemiyasının ikinci dalğasının gəlməsindən ehtiyatlanır:



“İnsanlarımız “Evdə qal” çağırışlarına əməl etməsələr, karantin müddəti daha da uzana bilər. Ona görə də bu bəlanın tamamilə sovuşması üçün hər birimiz vətəndaş olaraq əlimizdən gələni etməliyik. Edilən çağırışları qulaqardına vurmamalıyıq. Düşünürəm ki, əvvəlki qaydada əməl olunsa, tezliklə karantin rejimi arxada qalacaq. İnsanlar sosial məsuliyyət nümayiş etdirməlidirlər.Tibbi maskalardan istifadə etmək lazımdır. Karantin rejiminin yumşaldılması pandemiyanın ölkəmizdən sovuşub getməsi demək deyil. Bir neçə məsuliyyətsiz adam onlarla insanı, hətta öz doğmalarını, yaxınları yoluxdura bilər. Bu da Azərbaycan dövlətinin bu vaxta kimi gördüyü tədbirləri heçə endirə bilər. Bunun nəticələrini düşünmək belə istəmərik. Ona görə də yaşlısıyla, böyüyüylə, balacası ilə hər kəs dövlətimizə yardım etməlidir. Çağırışlara, tövsiyyələrə əməl olunmalıdır”.