Tövsiyələrə ikiqat əməl edin ! - “ Məsuliyyətli olmağın özü də bir mədəniyyətdir”

“Həmçinin özünə-ailəsinə hörmətdir və ətrafında olan insanların sağlamlığını qorumaqdır” 

“Əhalinin sağlamlığını düşünən dövlətin əhali üçün yaradılan şəraitə, qoyulan qaydalara  tabe olaq”



“ Əksəriyyət karantin rejiminin yumşaldılmasından sonra "Azərbaycanda koronvirus yoxdur "deyə düşünür". 
 Bunu “Sherg.az”a sosioloq Zəminə  Səfərova deyib.  
Onun sözlərinə görə əhalinin çoxu hələ də bu virusun mövcudluğunu qəbul və dərk etmir: 

"Əslində, həmin insanlar deyilən tövsiyyələrə ikiqat əməl etməlidirlər. Çünki bu kimi insanlar məsuliyyətdən qaçan insanlardır. Məsuliyyətli olmağın özü də bir mədəniyyətdir, özünə-ailəsinə hörmətdir və ətrafında olan insanların sağlamlığını qorumaqdır. 
İnsanların təmas ehtimalı minimal dərəcəyə enməlidir. İctimai nəqliyyatlarda sıxlıq olmaması üçün ciddi nəzarət edilməlidir. Banklarda, poçtlarda insanlar məsafəyə diqqət etməli, marketlərdə istər kassada oturan işçilərə, istər müştərilərin qaydalara əməl etmələrinə və sairə nəzarət olmalıdır. Bu nəzarət ictimaiyyət tərəfindən də yumşaq formada oluna bilər. Bu zaman biz koronavirusun qarşısını ala bilərik və mərhələli yumşaltmanı düzgün davam etdirə bilərik" .  

Sosioloq insanlara müraciət edib ki, gəlin,  hamılıqla bu günədək etdiyimiz zəhmətin üzərindən xətt çəkməyək. Bizdən nə tələb olunursa onu yerinə yetirək:

 "Bunun üçün biraz da səbirli, təmkinli, ağıllı, mədəni və məsuliyyətli olmalıyıq. Bunları birlikdə edəriksə, birlikdə güclüyük deyə bilərik.
 Həkimlərin də dediyinə görə, mövcud epidemiyada dalğalanmaların davam edəcəyi ehtimalı var. Ona görə də,  düşünmədən özümüz-özümüzü çətin vəziyyətlərə salmayaq.  Lazımsız səfərlərə çıxmayaq, vacib olmayan halda dosta-qohuma getməyək, şəhərdə sıxlıq yaratmayaq. Bunun üçün qoyulan qaydalara düzgün riayət etmək lazımdır. Hər halda qaydalara düzgün əməl edilərsə, bu çətin anları geridə qoya bilərik.  Çox şey özümüzdən asılıdır.
Əhalinin sağlamlığını düşünən dövlətin əhali üçün yaradılan şəraitə, qoyulan qaydalara  tabe olaq. Unutmayaq, bu qaydalar bizim, sizin, onun sağlamlığı üçündür.  Ramazan ayını nəzərə alıb heç olmasa  bu ərəfələrdə hərəkətlərimizə diqqət edək və qaydalara vicdanla əməl edək".