Dəstəkləndi: “Cərimələrin 7 faizinin dövlət büdcəsinə köçürülməsi yaxşı haldır”

“Bu faizin miqdarı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Hətta faizin daha çox olmasını məqsədəuyğun hesab edirəm"



Yol hərəkəti qaydalarının pozulması ilə bağlı tətbiq edilən cərimələrin 7 faizi dövlət büdcəsinə köçürüləcək.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, təklif edilən dəyişikliyə əsasən, yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlərin 7 faizi dövlət büdcəsinə köçürüləcək.

Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qəbul edilən təkliflə bağlı "Sherg.az"a münasibət bildirən keçmiş polis rəisi Mahmud Hacıyev bunu yüksək qiymətləndirdi: 
"Sürücüləri qayda pozuntularını DYP,  PPX əməkdaşları ilə yanaşı, həm də kameralar, o cümlədən ötürücü kameralar aşkarlayır. İstənilən halda tətbiq edilən cərimənin müəyyən miqdarı dövlət vəsaitinə köçürülməlidir. Bu faizin miqdarı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Odur ki, mən hətta faizin daha çox olmasını məqsədəuyğun hesab edirəm".