Dövlət rəhbərinə minnətdarlıq: “Gördüyünüz işlərin nəticəsində xalqımız virusdan tezliklə qurtulacaq”

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Bu istiqamətdə atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə respublikamızın müxtəlif bölgələrindən ölkə başçısına çoxsaylı təşəkkür məktubları gəlir.
Bakı şəhərinin Suraxanı rayonunun sakini Ələddin Xələfli ölkə başçısına məktubunda  vurğulanır:

“Hörmətli cənab Prezident, artıq neçə aydır, koronovirus adlı xəstəlik dünyaya və insanlığa meydan oxuyur. Baxıb görürük ki, bu ağır sınaqdan çox az ölkə üzüağ çıxacaq. 
İnanırıq ki, onlardan biri də bizim Vətənimiz olacaq. Çünki Siz bu gözəgörünməz bəlanın qarşısının alınması üçün böyük işlər görürsünüz. Bunun nəticəsində gözəgörünməz bəlanın ölkəmizdə minimum həddə olması sevindirici haldır. 
Ümid edirik ki, gördüyünüz işlərin nəticəsində xalqımız “COVID-19” virusundan tezliklə qurtulacaq. Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğunuza, xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin dediyiniz kimi “Biz birlikdə güclüyük!”. Ulu Tanrı Sizi qorusun!”.