Məsuliyyətsiz davrananlar var: “Nə maska, nə də digər qoruyuculardan istifadə edirlər”

“İmkan vermək olmaz ki, ayrı-ayrı məsuliyyətsiz insanlara görə, ölkəmizdə pandemiya yenidən vüsət alsın”



“Mən də müşahidə etmişəm ki, insanlar şəhərdə müstəqil şəkildə gəzişirlər və onların sayı kifayət qədər çoxdur”. 

Bunu “Sherg.az”a millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. 

Deputat bildirib ki, marşrutlar əvvəlki qaydada hərəkət edirlər və yollarda tıxaclar var: 

“İnsanlar elə rahat hərəkət edirlər ki, sanki ölkəmizdə koronavirus təhlükəsi yoxdur. Əlbəttə, bu, yolverilməzdir. Ona görə də bu cür insanlara qarşı qanunun bütün tələblərinə uyğun davranış nümayiş etdirilməlidir. Operativ Qərargah üzərinə düşən vəzifəni uğurla yerinə yetirir, xəbərdarlığını edir, maarifləndirici iş aparılır. Hər gün televiziyalar, qəzetlər, saytlar Operativ Qərargahın məlumatlarını əhalinin diqqətinə çatdırırlar. Eyni zamanda dünyada koronavirusun törətdiyi ağır fəsadları, faciələri önə çəkir, müxtəlif ölkələrdə yaranmış situasiyanı təhlil edərək vətəndaşlara xəbərdarlıq edirlər. Lakin bütün bunlara baxmayaraq, bir qrup insan məsuliyyətsiz davranışlar sərgiləyir. Küçəyə çıxan insanların çoxu tibbi maskalardan, qoruyucu vasitələrdən istifadə etmirlər. Düşünürəm ki, Operativ Qərargah daha ciddi tədbirlər həyata keçirməlidir. Karantin rejiminin qaydalarını nəzərə almayan insanlara qarşı inzibati yollarla ciddi addımlar atılmalıdır. İmkan vermək olmaz ki, ayrı-ayrı məsuliyyətsiz insanlara görə, ölkəmizdə pandemiya yenidən vüsət alsın”

F.Ağamalı vurğulayıb ki, ölkə Prezidentinin çox sistemli, düşünülmüş addımları və həyata keçirdiyi tədbirlər, o cümlədən Operativ Qərargah və digər qurumların böyük məsuliyyətlə, fədakarlıqla fəaliyyət göstərməsi son vaxtlar müəyyən nikbinlik yaradırdı: 

“Ölkəmizdə koronavirusla bağlı vəziyyətin müsbətə doğru dəyişilməsinə ümidlər yaranmışdı. Ancaq yoluxmadakı üç günlük fərqi müqayisə etdikdə, xeyli dərəcədə narahat oldum. Üç-dörd gün bundan qabaq yoluxanların sayı 25 nəfər idisə, aprelin 27-dəki yumşalmadan sonra bu rəqəm 49-a yüksəldi. Bu, ciddi siqnaldır. Düşünürəm ki, müvafiq qurumlar müəyyən olunmuş tədbirlər çərçivəsində öz fəaliyyətini gücləndirməlidir”.