“Xəstəliyin ikinci dalğasının başlaması təhlükəsi hər zaman var”

“Ona görə hər kəs məsələyə məsuliyyətlə yanaşmalı, sosial izolyasiya qaydalarına vaxtında və düzgün riayət olunmalıdır”



“Koronavirus pandemiyasının zərərlərinin minimuma endirilməsi istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərin hər biri ilk növbədə vətəndaşların sağlamlığının qorunub saxlanmasına hesablanıb”.

Bu sözləri “Sherg.az”a millət vəkili Könül Nurullayeva deyib. 

Deputat bildirib ki, pandemiyanın yayıldığı ilk gündən ölkədə vəziyyət tam nəzarət altındadır: 

“Ölkəmizdə sanitar epidemioloji durumun dinamikasından asılı olaraq müəyyən yumşaldılma tədbirləri də görülür. Lakin nəzərə almaq lazımdır ki, koronavirus uzun sürən xəstəlikdir. Elə yumşaldılma tədbirlərinin mərhələli şəkildə aparılması da bununla bağlıdır. Amma epidemioloji vəziyyət tələb edərsə, yəni, xəstəliyin dinamikasında artım olarsa, karantin rejiminin yenidən sərtləşdirilməsi, müvafiq məhdudiyyətlərin tətbiq olunması labüddür. Xəstəliyin ikinci dalğasının başlaması təhlükəsi hər zaman var. Ona görə hər kəs məsələyə məsuliyyətlə yanaşmalı, sosial izolyasiya qaydalarına vaxtında və düzgün riayət olunmalıdır. Hər bir insan ilk növbədə özünün sağlamlığına ciddi yanaşmaqla nəticə etibarı ilə cəmiyyətin sağlamlığını təmin etmiş olur”.