"Vaxtı çatanda  hökumət bütün məhdudiyyətləri aradan qaldıracaq” - Tahir Kərimli

"Heç bir dövlət istəməz ki, onun iqtisadiyyatı bu qədər ziyan görsün. Azərbaycan pandemiyaya görə, gün ərzində 130 milyon manata yaxın pul itirir"

“Nədənsə, insanlar qadağan olunmuş məsələlərə daha çox meyl edirlər”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Parlament üzvü bildirib ki, insanlar çox vaxt ailələrinə vaxt ayıra və evdə otura bilmədiklərindən gileylənirdilər. İndi fürsət yaransa da, evdə oturmaq istəmirlər: 

“Halbuki, dövlət bütün imkanları yaradıb, müavinətlər ayırıb, güzəştlər edib. İnsanların üzərinə düşən sadəcə evdə qalmaqdır. Elə adam var, aylardır çölə çıxmır, amma karantin müddətində israrla şəhərə gəzməyə getmək istəyir. Camaatın psixologiyasında qəribə cəhətlər var. Kiməsə nəsihət verib, tövsiyyə edən kimi dərhal sosial şəbəkədə səni söyməyə başlayırlar. Nəzərə alaq ki, artıq Çində koronavirusun ikinci dalğası başlayıb. Çin bəyan etmişdi ki, guya ölkədə pandemiya başa çatıb. Əfsuslar olsun ki, həm sosial şəbəkədə, həm də bəzi saytlarda kimlərsə Azərbaycanda virusun olmadığını iddia edirlər. İnsanları yanlış yönləndirirlər, arxayın salırlar. Bəli, ölkəmizdə dövlət tərəfindən atılan qabaqlayıcı addımlar nəticəsində pandemiya təhlükəsi ciddi yayılmadı. Amma xəstələrin və ölüm sayının az olması, virusun yoxluğu anlamına gəlmir. Kimsə deməsin ki, ona heçnə olmaz. Operativ Qərargahın tələblərinə riayət etmək, maska və əlcək taxmaq, sosial məsafə saxlamaq, digər bütün gigiyenik qaydalara əməl etmək vacibdir. Məgər insanlar görmürlər ki, həkimlər, tibb bacıları xəstəliyə yoluxurlar. Əgər virus olmasaydı, necə xəstələnərdilər?!”.

Deputatın sözlərinə görə, indi karantin rejimini ciddi formada yumşaltmaq və ya sonlandırmaq olmaz: 

“Rusiyadan ölkəmizə qayıdanlar içində nə qədər adamda koronavirus əlaməti çıxdı. Bakıda və digər rayonlarda xəstələnən insanlar çoxdur. Əlimdə faktlar var. Ona görə də pandemiya təhlükəsinə səhlənkar yanaşmamalıyıq. Bir kibrit dənəsi böyük meşəni necə yandırırsa, bir insanın yoluxması bütün cəmiyyəti məhv edər. O gün dövlət televiziyasına baxıram, müxbir mağazadakı satıcıdan soruşur ki, niyə maska taxmırsız, sosial məsafəyə diqqət etmirsiz, satıcı jurnalistin üstünə elə qışqırır ki, az qala müxbiri döysün. Belə biyabırçılıq olmaz axı. Heç bir dövlət istəməz ki, onun iqtisadiyyatı bu qədər ziyan görsün. Azərbaycan pandemiyaya görə, gün ərzində 130 milyon manata yaxın pul itirir. Bu, çox böyük rəqəmdir və ay ərzində milyardlarla vəsait deməkdir. Buna rəğmən, dövlət sosial layihələri təxirə salmır və ardıcıl şəkildə həyata keçirir. Bizə düşən evdə qalmaq, zərurət olmadan küçəyə çıxmamaqdır. Çıxdıqda isə qaydalara riayət etməkdir. Şəhərdə boş-boş gəzən adamlar nəyə, kimə arxayındılar? Xəstəlik varlı-kasıb, vəzifəli-vəzifəsiz tanımır. Həyatla risk etmək olmaz. Hamıya çağırış edirəm, bir az da dözsünlər, səbrli olsunlar. İkinci dalğanın başlamaması üçün bunu etməyə məcbururq. Vaxtı çatanda onsuz da hökumət bütün məhdudiyyətləri aradan qaldıracaq”.