"Dövlətin, xalqın malını talayanların yeri həbsxanadır" - DƏRS ALMADILAR

"Görünən odur ki, bəzi icra başçıları xəbərdarlıqdan nəticə çıxarmır və arxayın şəkildə öz kirli əməllərinə davam edirlər"

"Prezidentin xəbərdarlıqlarına baxmayaraq, icra başçısı vəzifəsini yerinə yetirən insanların çəkinmədən rüşvət alması, xalq malına göz dikməsi çox hiddətverici və təəssüf doğuran haldır".

Bunu "Sherg.az"a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.



Partiya rəsmisi bəyan edib ki, ilk həbsdən sonra digər icra başçılarının bundan nəticə çıxaracaqları, qanunsuz əməllərdən əl çəkəcəkləri gözlənilirdi:

"Görünən odur ki, bəzi icra başçıları xəbərdarlıqdan nəticə çıxarmır və arxayın şəkildə öz kirli əməllərinə davam edirlər. Prezident İlham Əliyev də yeni baş prokurorla videogörüşdə bunu bir daha qeyd etdi və bu kimi halların hələ də mövcud olduğunu söylədi. Hesab edirəm ki, bu əməllərlə məşğul olan insan daxili mənəviyyatdan yoxsul, milli ruh və düşüncədən kənar olan insanlardır. Əslində, faktların özü də bunu sübut edir. Biləsuvar icra hakimiyyəti başçısı vəzifəsində olan Mahir Quliyev adlı insan saxta diplom, karyera sahibidir. Bu kimi tiplərdən bundan artıq hərəkət gözləmək də sadəlövhlük olardı. Belə halların yaranmasının başlıca səbəbi dövlət orqanlarına saxta və mənəviyyatsız insanların yol tapmasıdır. Belə şəxslər özlərini hakimiyyət daxilində olan havadarları ilə kirli əlaqələrinə görə toxunulmaz hesab edirlər. Bir gün ifşa ediləcəkləri fikrini özlərinə yaxın buraxmırlar və arxayın hərəkət edirlər".

Siyasi şərhçinin sözlərinə görə, mənəvi və milli düşüncədən kənar olduqları üçün bu tipləri ancaq şəxsi maraqları maraqlandırır: 

"Rüşvət alan bu cür adamlar çox cılız və adi insanlardır. Xalqın və dövlətin xidmətində durmaq, yaxşı əməllərlə dövlətinə, prezidentinə yardım etmək kimi ali hisslərdən məhrumdurlar. Ümid verən hal odur ki, nə yolla olsa da dövlət orqanlarına yol tapan belə tiplərin ifşa edilməsi prosesinə start verilib. Cənab Prezident şəxsən buna nəzarət edir. Bir daha qeyd etmək istəyirəm ki, belə tiplərin nə xalqın, nə də dövlətin arasında heç bir işi yoxdur və onların yeri həbsxanadır. Həbs edildikdən sonra saxta peşmançılıq görüntüləri yaratmaq isə onların doğrudan da islah olunması mümkün olmayan, cəmiyyət üçün yad ünsürlər olduğu fikrini təsdiqləyir. Sonrakı peşmançılıq isə fayda vermir".