"Bir sətir yaza bilmirəm, jurnalist üçün bundan ağır dərd olmaz" - Rizvan Cəbiyev (MÜSAHİBƏ)

"Bəlkə də çox yaşayardım, Anarın ölümü ömrümü aldı" 

Milli Məclisin keçmiş üzvü, əməkdar jurnalist,  Rizvan Cəbiyev çox ağır günlərini yaşayır. Səhhətində ciddi problemlər olan əməkdar jurnalistin bir tərəfdən də koronavirus pandemiyasına görə təcrid olunması əhvalını pozub.
Rizvan müəllim oğulu Anarın itkisi ilə də barışa bilmir. Yaxşı olar bütün bunların hamısını onun öz dilindən eşidək. 

Söhbətimizi təqdim edirik.

- Rizvan müəllim,  Koronavirus pandemiyası barədə nə düşünürsüz?

- Düzü heç yerə müsahibə vermirəm, səhhətim qaydasında deyil. Amma koronaviusla bağlı hər bir Azərbaycan vətəndaşının fikri var. Bir yandan başımıza, millətimizə, xalqımıza gələn bəladır. O biri tərəfdən bizi birləşdirməyə, bu ağır dəqiqələrdə bir olub gücümüzü müəyyənləşdirməyə kömək edən amildir. Koronavirus nə qədər qəddar olsa da, millətimiz ağır günlər keçirsə də, eyni zamanda göstərdi ki, bir olsaq, baltanı  eyni yerə vursaq hər şeyin öhdəsindən gələrik. O cümlədən Koronavirus xəstəliyinin qarşısında dura bilərik. Belə də dəyərləndirmək olar. 

-Ötən bir neçə il sizin üçün olduqca ağır idi. Bəs həyat necə davam etdi? 

-Hər zaman  çətin olub.  Anarı nəzərdə tutursunuzsa evdə yeri həmişə görünür. O mənada bizim üçün çox ağırdır. Evin hər küncündə nəfəsi var. Elə  bil  aramızdan ayrılmayıb. Ağırlığı, çətinliyi odur ki, düşünürük bu dəqiqə qapını açacaq, içəri girəcək. Bu da ciddi psixoloji təsir yaradır. Bəlkə də çox yaşayardım. Anarın ölümü ömrümü aldı, yedi. Çətin dəqiqələr yaşatdı. Buna baxmayaraq yaşamaq lazımdır, yaşayırıq.

Sanki söhbəti dəyişmək istəyirmiş kimi titrəyən səsi ilə Rizvan müəllim soruşdu:

 -Mətbuatda nə var nə yox? Açığı heç xəbərim yoxdur, televizora baxıram. İş orasındadır ki, yazmağı da tərgitdim. Masanın arxasına keçib, bir sətir yaza bilmirəm. Jurnalist üçün bundan ağır dərd olmaz. Deməyə sözüm də, fikirlərim də çoxdur. Hətta hazır olan materiallarım var. Onların üzərində işləyib paylaşmaq olar. Bu yaxınlarda "Eşqə açılan qapılar" adlı kitabım çap olundu. Amma çox yox,  cəmi 200 nüsxə  nəşr olundu. Onu da dost tanışa bağışladım. Çoxsu da qalıb evdə, hamıya paylaya bilməmişəm .

-Kitab nədən bəhs edir?

- Həyatımla, mətbuatımızla bağlı maraqlı fikirlər var. Mənim üçün qiymətli olan faktlardır. Güman edirəm oxucular da onlarla tanış olmaq istəyər. Amma heç kimə bağışlaya bilmədim, qalıb. Mətbuat üçün çox darıxmışam. 

-Səhhətiniz necədir?

-Çox ciddi xəstəliklərim var. Ondan da güclü koronavirus  qoymur evdən çıxmağa. Elə bil ki, həbs olunmuşuq,  könüllü həbsxanadır. Çünki bilirik ki, evdə qalmağın xeyri çoxdur. Nəinki bayıra çıxmağın. Özümüz, başqaları və ailəmiz üçün oturmalıyıq evdə. İnanın ki, evimdən kənara çıxmıram. Ancaq evin içərisində gəzirəm. O da biraz ağırlıq yaradır. İnsan açıq havada nəfəs almaq istəyir. Masazırda yaşayıram, burdan  Heydər Əliyev parkına qədər  gedirdim, gəlirdim. Həm ayaqların açılır, həm damarların, ürəyin fəaliyyəti nizama düşürdü. İndi onları edə bilmirəm. Çox ağırlaşmışam, bədən tamamilə qüvvəsini itirib. 

-Anarın övladları, nəvələriniz sizi görməyə gəlirlərmi?

-İki gün olar burdan gediblər. Mart və aprel aylarını bizimlə  qaldılar, ikisi də yanımızda idi. Sonra uşaqlar analarını istədilər, taksi ilə göndərdim.  İki gündür gediblər. Onlarla yaşayırdıq, Anarın iyini  onlardan alırdıq. İndi gediblər, sanki nə isə çatışmır. Burda olanda elə bil Anar yanımızda idi. Çox ağır itkidir. Allah heç kimin başına gətirməsin.