Partiya yetkilisi: “Gəlin, pandemiyanı yenidən qaytarmayaq !”

“Hamımız virusla mübarizədə deyilənləri qeyd-şərtsiz yerinə yetirək” 



“Pandemiyanın idarə olunmasında və koronavirusla mübarizədə Azərbaycan modeli bütün dünyaya nümunə olub”

Bunu "Sherg.az"a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP rəsmisi bəyan edib ki, məhz ölkə başçısı cənab İlham Əliyevin tapşırığı və göstərişləri ilə Operativ Qərargahın yaradılması insanların bu xəstəliyə daha az yoluxmasına səbəb oldu: 

“Görülən tədbirlər nəticəsində müsbət tendensiyalar əldə olunmağa başlandı. Yoluxanlarla sağalanlar arasında fərq müsbət saldoya doğru getdi. 

Bütün bunlar nəzərə alınaraq, həm də ölkə iqtisadiyyatına daha çox ziyan dəyməməsi, həm də insanların bir çox xidmət sahələrində üzləşdikləri çətinliklərin aradan qalxması üçün ayın 27-dən etibarın bir sıra sektorlara işləmək üçün icazə verildi. 

Qərar zamanı cənab Prezident çıxışında vurğuladı ki, əgər insanlar qaydalara əməl etməsə və arxayınlıq yaransa, karantin rejimi daha da sərtləşdirilə bilər. İndiki halda sosial məsələlər daha çox insanların öz vətəndaşlıq borcundan və yanaşmasından asılıdır. 

Əfsuslar olsun ki, bəzi adamlar zəruri qaydalara əməl etməkdə laqeydlik nümayiş etdirirlər. Artıq bir çox şəxs maskadan, dezinfeksiya vasitələrindən istifadə etməkdən vaz keçiblər. Təbii ki, bütün bunlar virusun yenidən yayılma riskini artırır”. 

S.Orucov vurğulayıb ki, bu təhlükənin öhdəsindən birlikdə gələ bilərik: 

“İndiyə qədər üzərimizə düşəni etmişik və böyük bir təhlükəni arxada qoymuşuq. Gəlin, pandemiyanı yenidən qaytarmayaq. Hamımız virusla mübarizədə deyilənləri qeyd-şərtsiz yerinə yetirək. 

Məqsədimiz odur ki, infeksiya əhali arasında çox yayılmasın. Əgər tövsiyyələrə əməl etsək, o zaman karantin rejimi tezliklə sona çatar. O səbəbdən biraz məsuliyyətli olmalıyıq. Əks halda bundan da ağır fəsadlarla üzləşə bilərik”.