Məmurlara güzəşt olmayacaq: “Vətəndaşın haqqını yeyənlərə sərt cəza...”

“Özbaşınalıq, nəzarətsizlik və korrupsiya halları bir çox sıravi insanlarımızı dövlət tərəfindən verilən yardımlardan faktiki olaraq məhrum edir”

“Bu hərəkətlər həm cinayətdir, həm də böyük vicdansızlıq, mənəviyyatsızlıqdır”




“Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə hazırda ən vacib vəzifələrdən biridir”.
Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 
Partiya təmsilçisi bildirib ki, bu cür xoşagəlməz hallara qarşı çox ciddi iş aparılır: 

“Bununla bağlı Prezident öz iradəsini ortaya qoyub və bu məsələ ilə bağlı dəfələrlə fikirlərini bildirib, məmurlara açıq mesajlar verib, ciddi xəbərdarlıq edib. Prezident çıxışlarından birində hətta onu da qeyd etmişdi ki, əgər hansısa məmur öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, bunu istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Dövlət başçısı mayın 1-də baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bir daha bu məsələyə toxundu. Lakin icra başçılarının bəziləri Prezidentin onlara verdiyi tapşırığı unudur və yerlərdə özlərini xan, padşah kimi aparmağa başlayırlar, dərəbəylik edirlər. Rüşvətxorluq bu adamlar üçün əsas prinsipə çevrilir. Onların bəzilərinin məsuliyyətsizliyi və insafsızlığı hətta o dərəcəyə çatır ki, bu ağır karantin dövründə dövlətin imkansız, işsiz vətəndaşlara verdiyi yardımları, fəhlələrə nəzərdə tutulmuş maaşı oğurlamağa, mənimsəməyə çalışırlar. Özbaşınalıq, nəzarətsizlik və korrupsiya halları bir çox sıravi insanlarımızı dövlət tərəfindən verilən yardımlardan faktiki olaraq məhrum edir. Yaxud da ki, həbs edilmiş icra başçılarının, icra nümayəndəsinin iş otaqlarından, onların ciblərindən həmin o kasıb insanlara çatacaq kartlar çıxır. Əlbəttə, bu kimi neqativ halların siyahısını uzatmaq da olar. Ölkə başçısı da son çıxışında bunları detalları ilə qeyd etdi. Bəs bütün bunlara nə ad vermək olar?”.



Politoloq vurğulayıb ki, bu hərəkətlər həm cinayətdir, həm də böyük vicdansızlıq, mənəviyyatsızlıqdır: 

“Bu cür kütləvi hal almış rəzil əməllər cəzasız qala bilməz. Onların hər birinin öz layiqli cəzasını alacağı qeydsiz-şərtsizdir. Prezident də Baş prokurorla videkonfrans formatlı görüşündə bir daha bunun anonsunu verdi. Qeyd etdi ki, bu və digər hallara qarşı mübarizə çox ciddi olmalıdır. Ölkə rəhbəri birmənalı şəkildə qeyd etdi ki, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Dövlət başçısının bu xəbərdarlığı aşağı, orta və ya yuxarı ranqa mənsub olmağından asılı olmayaraq hər bir məmur üçün “Yol xəritəsi” olmalıdır. Qanunu pozan, vətəndaşın haqqını yeyən heç bir məmura güzəşt olmayacaq. Ortada Prezidentin qətiyyətli iradəsi var. Odur ki, bundan sonra hər bir məmur el diliylə desək, papağını qarşısına qoyub yaxşı-yaxşı düşünməlidir, dövlət başçısının sözlərindən özü üçün ciddi nəticə çıxarmalıdır. Prezidentin bu xəbərdarlıqlarını, tövsiyyələrini dərk etmək və öz işlərini bu tövsiyyələrə uyğun tərzdə qurmaq üçün nə icra başçılarından, nə də ki digər məmurlardan dahi olmaq tələb olunmur. Prezident onlara bundan sonra nə etməli və necə işləməli olduqlarının çox sadə formulunu, düsturunu verib. Bu düstür əsasında hərəkət etmək və fəaliyyət göstərmək üçün sadəcə hər bir məmurdan məsuliyyət, vicdanlılıq, humanistlik, ədalət, Vətənə sevgi, dövlət naminə fədakarlıq və vətəndaşlara qayğıkeşlik tələb olunur. Bu hisslər, bu keyfiyyətlər ən adi insani xüsusiyyətlər və həyat normalarıdır”. 

Ə.Hüseynovun sözlərinə görə, məmurlar öz iç dünyalarına boylanmalıdırlar: 

“Onlar bu keyfiyyətləri özlərində inkişaf etdirməlidirlər. Hər bir məmur xalqa və dövlətə sədaqətlə, sevgi ilə xidmət etməlidir. Vəzifəsinin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir məmur xalqa canla-başla xidmət etməyi və Prezidentin etimadını qazanmağı özü üçün şərəf işi hesab etməlidir. Məmurlar nəhayət anlamalıdır ki, ölkə başçısının haqlı narahatlıqlarına son qoyulması onların hər birinin öz vəzifə borclarını vicdanla, ləyaqətlə yerinə yetirmələrindən asılıdır. Odur ki, bundan sonra hər bir məmurun yalnız iki seçimi, iki yolu var: - ya öz müsbət fəaliyyətləri ilə Prezidentin etimadını və vətəndaşların rəğbətini, hörmətini qazanmaq, ya da işdə yol verdikləri qanunsuzluqlara görə həbs olunmaq və karyeralarının sonuna imza atmaq. Sadiqlər və müdriklər heç şübhəsiz ki, birinci yolu seçərlər. Hər halda biz buna ümid edirik”.