Ortaq türk televiziyası yaradılır – “Təşəbbüs gözəldir, təki, kağız üzərində qalmasın !” – Professorlar ümidsizdir !

Firudin Cəlilov: “Buna dəstək verənlər türk dilində danışa bilmirlərsə, deməli, ümidlənməyə dəyməz”


Qulu Məhərrəmli: “Böyük bir auditoriyaya çıxan ortaq türk televiziyasının uğurla fəaliyyət göstərəcəyinə inanmıram” 



“Türk dünyasının ortaq televiziyası yaradılacaq”. Bu barədə  Journalism Council təşkilatının Beynəlxalq məsələlər üzrə sədr müavini Elşad Eyvazlı məlumat verib. O, televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağını bildirib. Elşad Eyvazlının sözlərinə görə, bununla bağlı Türkdilli ölkələrin jurnalistləri ilə müzakirələr aparılıb. “İlkin olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda nümayəndiliklər yaradılacaq. Fəaliyyət istiqamətində siyasi məsələlər olmayacaq”.

 Əlbəttə, türk dövlətlərinin birləşməsi, milli-mənəvi baxımdan daha da yaxınlaşması üçün bu, müsbət təşəbbüsdür. Bəs iş necə qurulmalıdır? Ümumiyyətlə, türk tamaşaçısı buna hazırdırmı? 



Məsələ ilə bağlı “Sherg.az”a danışan türkoloq alim Firudin Cəlilov bu təşəbbüsün sadəcə kağız üzərində qalmamasını istəyir: 

“Çox yaxşı addımdır. Alqışlayıram. Lakin məsələ təklif verməkdə yox, onu necə reallaşdırmaqdadır. Əgər buna dəstək verənlər türk dilində danışa bilmirlərsə, deməli, ümidlənməyə dəyməz. Şəxsən mənim gözləntilərim çox azdır. Bir dəfə də buna oxşar bir təşəbbüs olmuşdu. Türk mədəniyyətlərini birləşdirən “Avaz” televiziyası yaradılmışdı. İndi həmin kanala baxan yoxdur. Bu kanalın da aqibəti o cür olacaq”.

 

BDU-nun Jurnalistika fakültəsinin professoru, media eksperti Qulu Məhərrəmli də deyir ki, ortaq türk televiziyasının yaradılması real görünmür: 

“Bu, hamının ürəyindən olsa da, ağlabatan deyil. Çünki hər xalqın öz mədəni, ictimai-siyasi inkişaf səviyyəsi var. “Avaz” adlı ortaq bir türk televiziyası var. Həmin kanal vasitəsilə ancaq mədəniyyət proqramları təqdim edilir. Lakin ictimai-siyasi istiqamətdə xəbərləri böyük bir auditoriyaya çatdıran ortaq türk televiziyasının uğurla fəaliyyət göstərəcəyinə inanmıram”.