İslahatlar dəstəklənir: "Parlamentə başçıların qohumları yox, peşəkarlar gətirilməlidir”

“Belə olan halda həmin peşəkar işçi daha çox maaş alar və məsuliyyəti, stimulu dəfələrlə artar” 




Milli Məclisin dörd şöbəsi birləşdirilib. Bununla bağlı Milli Məclis sədri Sahibə Qafarova sərəncam imzalayıb.
 Sərəncamla Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi ilə İnzibati və hərbi qanunvericilik şöbəsi birləşdirilib.
 Həmçinin Sosial qanunvericilik və İqtisadi qanunvericilik şöbələri birləşdirilib. 

Milli məclisdə aparılan bu islahatlar yaxın gələcəkdə hakimiyyətin üçüncü qolunda ciddi dəyişikliklərin olmasına əsas verir. Həmin islahatlar isə  öz növbəsində bütün idarəçilik sisteminə təsir edəcək. 

Bununla bağlı “Sherg.az”a fikir bildirən politoloq Elxan Şahinoğlu düşünür ki, atılan addımlar məqsədyönlüdür: 



“Son seçkilərdən sonra Milli məclisdə ciddi islahatlar aparıldı. Belə də olmalı idi. Əvvəlki illərdə parlamentdə fəaliyyət göstərən lazımsız şöbələr artıq ləğv olunub. Çünki ixtisarlar və çevik işləmək günün tələbidir. Əgər 4 işçinin vəzifəsini bir əməkdaş həyata keçirə bilirsə, deməli, optimal qərar verib, kadr islahatları aparmaq şərtdir. Belə olan halda həmin peşəkar işçi daha çox maaş alar və məsuliyyəti, stimulu dəfələrlə artar”. 

E. Şahinoğlunun fikrincə, millət vəkilləri də öz işlərinə diqqətlə yanaşmalıdırlar:

“Parlamentin funksiyası qanunlar verməkdir. Prezident də bir neçə dəfə millət vəkillərinə müraciət edərək onların qarşısında iki vəzifə qoyub: yeni çağırışlara uyğun qanunlar vermək və vətəndaşlarla daim əlaqədə olmaq. Deputatlar çox ciddi, məsuliyyətli davranmalıdırlar. Həm də parlamentdəki Analitika şöbəsində  analitiklərdən ibarət xüsusi komanda yaradılmalıdır. Əks halda bu şöbənin heç bir əhəmiyyəti olmayacaq. Milli  Məclisə icra başçılarının qohumları, kimlərinsə tanışları yox, bacarıqlı, gənc və peşəkar adamlar gətirilməlidir”.