“İslahatlar Azərbaycanın bu günü və sabahı üçün mühümdür” 

“Rüşvətsiz və korrupsiyasız Azərbaycan cəmiyyətinin qurulmasına öz töhfələrimizi verəcəyik”


Bu günlərdə Prezident İlham Əliyevin sərəncamına əsasən Kamran Əliyev Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi. Kamran Əliyev ölkə başçısının yeni sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib. 

Cənab Prezident yeni baş prokuroru videoformatda qəbul edərəkən onun qarşısına mühüm tələblər qoydu. Ölkə başçısı korrupsiyaya qarşı ciddi tədbirlər görülməsinin vacibliyini vurğulayaraq K.Əliyevdən gözləntilərini də diqqətə çatdırdı.

Yeni təyinatla bağlı “Sherg.az”a danışan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti  Rauf Zeyni bildirib ki, Prezident  İlham Əliyev uzun zamandır ki, ciddi islahatlar aparır. Həmin islahatlar Azərbaycanın bu günü və sabahı üçün çox əhəmiyyətlidir. 
R.Zeyni qeyd edib ki, aparılan islahatlar ictimaiyyətimizdə də yüksək dəyərləndirilir:

“Cənab Prezident islahatların davamı kimi Kamran Əliyevi ölkənin baş prokuroru təyin edərkən videoqəbulda bundan sonra Azərbaycanın korrupsiya və rüşvətxorluğa qarşı mübarizəsində prioritet istiqamətləri qeyd etdi. Ölkə başçısı dövlət idarəetməsində, kadrlar islahatlarının aparılmasında, ölkəmizin iqtisadi inkişafında, Azərbaycanda demokratik dəyərlərin bərqərar olmasında, bundan sonra ölkəmizin gələcək inkişafını təmin etməklə əlaqədar tövsiyələrini proqam xarakterli çıxışında bildirdi. Prezident çıxışında xüsusi məqamları da dilə gətirdi.

O bildirdi ki, bəzən etimad göstərdiyimiz insanlar bu etimadı doğrultmurlar, gedib əhalidən müəyyən vəsait toplayıb, rüşvət alırlar. Bu, yolverilməz haldır. Çünki bizim kursumuz inkişaf  kursudur. Ona görə də ölkə başçısı bu məsələdə dəfələrlə xəbərdarlıq edib. Prezident son olaraq yenə xəbərdarlıq etdi ki, məmurlar belə çirkin əməllərdən əl çəksinlər.

Məmurlar xalqın xidmətçisidir, gedib xalqa xidmət etsinlər, xalqdan bu və ya digər formada rüşvət yığmasınlar, kasıbın əlindən onun vəsaitini almasınlar, kasıbın yardımına “göz dikməsinlər”. Cənab Prezident bütün bunların hamısını ölkənin yeni baş prakuroru Kamran Əliyevi qəbul edərkən bildirdi. Bununla da baş prokurorunun qarşısına mühüm vəzifələr qoydu.

Ölkə başçısının islahatlarını vətəndaş cəmiyyəti olaraq qeyri - hökumət təşkilatı kimi neçə illərdir, dəstəkləyirik. Bundan sonra da vətəndaş cəmiyyəti şəffaflığının artırılması və ictimai nəzarətin gücləndirilməsi baxımından Respublika Baş Prokurorluğu ilə əməkdaşlıq edərək Prezidentimizin kursunu müdafiə edib bu islahataların başa çatması üçün çalışmalıyıq.
Eyni zamanda rüşvətsiz və korrupsiyasız Azərbaycan cəmiyyətinin qurulmasına öz töhfələrimizi verəcəyik”.