Zirvə görüşü: “Dünyanın bir çox ölkəsi Azərbaycana xüsusi önəm verir”

Bugün Prezident və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirilib. Görüşdə çıxış edən Prezident bildirib ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləyib.

Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunub. Dövlət başçısı Zirvə görüşündə iştiraka görə Təmas Qrupuna daxil olan dövlətlərə təşəkkür edib: “Mən eyni zamanda Zirvə görüşünə qatılan BMT Baş Assambleyasının sədrinə, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoruna və Afrika İttifaqının Komissiyasının sədrinə öz minnətdarlığımı ifadə edirəm. BMT Baş katibi Antonio Qutteresə, Avropa İttifaqının Ali nümayəndəsi və Komissiyanın vitse-prezidenti Cozep Borelə video-müraciətlərinə görə təşəkkürümü bildirirəm”.

Prezident İlham Əliyev qeyd edib ki, 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda 18-ci Zirvə görüşü keçirilib:“Zirvə görüşündə qəbul edilmiş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapdı. Eyni zamanda bu sənədlərdə 65 illiyi bu günlərdə qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığına dair bir daha dəstək ifadə olundu.

120 üzv dövlətin dəstəyi ilə Azərbaycan 3 il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Bizə göstərilən böyük dəstək, inam və etimada görə bir daha minnətdarlığımı bildirirəm. Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarını müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb”.



Zirvə görüşünün əhəmiyyəti ilə bağlı “Sherg.az”a danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakə Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib ki, Qoşulmama Hərəkatı Azərbaycanın çox önəm verdiyi qurumlardan biridir.
Siyasi şərhçi bildirib ki, Qoşulmama Hərəkatı daxilində 120-dən artıq ölkəsi təmsil olunur: 

“Bu təşkilat digər beynəlxalq qurumlardan fərqli olaraq Ermənistanı açıq şəkildə işğalçı adlandırıb. Azərbaycan sədrlik etdiyi bu təşkilat vasitəsi ilə ilk növbədə öz milli və dövlət maraqlarının reallaşmasını həyata keçirir. Çoxsaylı ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatı daxilində Azərbaycanın xarici siyasətini prioritetləşdirməsi olduqca mühüm məsələdir. Nəticə etibarı ilə görürük ki, artıq dünyanın bir çox ölkəsi Azərbaycana xüsusi önəm verir. Əlbəttə, Azərbaycanın dünyanın diqqətini üzərinə çəkməsi təsadüfi deyil və bunun səbəbləri var. Uğurlarımızın əsasında dövlət başçısı İlham Əliyevin apardığı uzaqgörən xarici siyasət dayanır. Azərbaycan təşkilatdakı həmsədrlikdən istifadə edərək videokonfrans şəklində görüş təşəbbüsü irəli sürür və təşəbbüs yekdilliklə qəbul olunur. Bu da dövlət başçısının atdığı addımların və həyata keçirdiyi siyasətin nə qədər düzgün olduğundan xəbər verir. Azərbaycanın təşkilat sədri kimi hazırlayıb təqdim etdiyi layihələrdə yeni əməkdaşlıq modellərinin həmin ölkələrə təqdim olunacağı istisna edilməməlidir”.